Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub
2021-ci ilin 6 may tarixində “Kapital Bank” ASC-nin Mingəçevir filialı ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan bir qrup tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub.
Təqdimat zamanı çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, smart tələbə kartlarına sahib olmaları münasibətilə tələbə və magistrantları təbrik edib.
Ölkəmizdə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərdən danışan rektor çoxlu sayda funksiyaları və yeni əlavə imkanları özündə cəmləşdirən smart tələbə kartlarının üstünlüklərini diqqətə çatdırıb.
Smart tələbə kartlarının əldə edilməsindən məmnun olduqlarını ifadə edən tələbə gənclər MDU-nun rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxili və xarici ödənişləri həyata keçirə biləcəklər. Eyni zamanda, gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, universitetə, kitabxanaya və oxu zallarına giriş zamanı, ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulub.
{phocagallery view=category|categoryid=585|limitstart=0|limitcount=0}