Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 19 mart 2021-ci il tarixli iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib. Həmin qərara əsasən MDU rektorunun 6 aprel 2021-ci il tarixli müvafiq əmri ilə sözügedən Mərkəz təsis edilib.
Tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli, vətənpərvər vətəndaş kimi yetişdirilməsi işinə davamlı surətdə töhfə verməyi hədəfləyən TVİM-in başlıca vəzifələri qəhrəman şəhid və qazilərimizin gənc nəsilə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsidir. Eyni zamanda, Mərkəz şəhidlərin adlarının əbədiləşdirilməsi, qazilərə xüsusi diqqətin göstərilməsi, tarixi günlərə həsr olunmuş müxtəlif formatlı tədbirlərin təşkili və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərin icrası və əlaqələndirilməsini həyata keçirəcəkdir.
MDU-nun məzunu Minayə Hüseynova TVİM-in koordinatoru vəzifəsinə işə qəbul edilib. M.Hüseynova 2011-2015-ci illərdə MDU-da “Ekologiya mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb.
M.Hüseynova Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan MDU-nun məzunu Əzəmi Hüseynovun həyat yoldaşıdır. Şəhid Əzəmi Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhdilik zirvəsinə ucalıb.
Qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət göstərilməsi, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclər arasında təbliğ edilməsi MDU-da daim diqqət mərkəzində saxlanılır.