2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Texniki və Humanitar lisey və 7 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Dürrü Yekta: MDU-da Məclisi Üns” adlı tədbir keçirilib.
Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir şəhər Texniki və Humanitar liseyin direktoru Nailə Məmmədova və Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov çıxış edib.
Açılış nitqində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfərdən bəhs edən MDU-nun rektoru Ş.Bayramov doğma Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və qürür hissləri bəxş etdiyini qeyd edib. Tariximizə Zəfər günü kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını vurğulayan rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edildiyini diqqətə çatdıran Ş.Bayramov bununla əlaqədar olaraq universitetdə nəzərdə tutulan silsiləvi tədbirlər barəsində məlumat verib. Tarixi və mədəni irsimizin öyrənilməsi və gənc nəsil arasında təbliğinin aparılmasında ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən bəhs edən rektor bu baxımdan Qarabağ ədəbi mühitinin görkəmli simalarından olan Xurşudbanu Natəvanın 190 illik yubileyinə həsr edilmiş tədbirin önəmini vurğulayıb.
MDU-nun şəhərin iki qabaqcıl ümumtəhsil məktəbi ilə işbirliyi çərçivəsində baş tutan tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirən Ş.Bayramov təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığın davamlılığını arzulayıb.
Universitetin kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən Mingəçevir şəhər Texniki və Humanitar liseyin direktoru Nailə Məmmədova son dövrdə MDU ilə müxtəlif formatlarda qurulan əməkdaşlıq əlaqələrindən bəhs edib.
“Şuşa İli” çərçivəsində qələbə əhval ruhiyyəsi ilə ortaq tədbirlərin keçirilməsinin, eləcə də Qarabağın parlaq simalarından biri olan “Xan qızı” Xurşidbanu Natəvanın yubileyinin qeyd edilməsinin qürurverici olduğunu vurğulayan N.Məmmədova bu cür fəaliyyətlərdə tələbə və şagirdlərin birgə iştirakının əhəmiyyətini diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.
Son dövrdə universitetlə qurulan əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyini qeyd edən Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov bu prosesdə yaxından iştirak edən və dəstək göstərən təhsil müəssisələrinin kollektiv üzvlərinə, tələbələrə və şagirdlərə təşəkkürünü çatdırıb.
Regionda təhsilin inkişafında universitet-məktəb əməkdaşlığının rolunu yüksək qiymətləndirən A.İsmayılov MDU ilə işbirliyi çərçivəsində şagirdlərin müxtəlif mövzularda maarifləndirilməsinə və onların hərtərəfli inkişafına hədəflənən ortaq fəaliyyətlərin reallaşdırılmasının şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. “Şuşa İli” çərçivəsində keçirilən tədbirlərə şagirdlərin böyük maraq göstərdiklərini vurğulayan məktəb direktoru birgə fəaliyyətlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfələr verəcəyinə inandığını söyləyib.
Sonra, tədbir ədəbi-bədii hissə ilə davam edib. “Xan qızı” Xurşudbanu Natəvanın yaratdığı “Məclisi-Üns” ədəbi məclisini səhnələşdirən tələbə və şagirdlərin təqdimatında görkəmli Azərbaycan şairəsinin yazdığı və ona ithaf edilmiş qəzəllər səsləndirilib. Tədbirdə Mingəçevir şəhər 11 saylı musiqi məktəbinin müəllimi İsa Museyibov mahnı ifa edib.
Daha sonra, universitetin həyətində təşkil olunan sərgidə tələbələr “Şuşa İli”nə həsr etdikləri rəsmləri nümayiş etdiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, MDU-da “Şuşa ili” çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.