Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının

üzvləri imtahan prosesini izləyiblər

 

10 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Şura üzvlərinə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Şura üzvlərinə tamamən yazılı formada keçirilən imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, appelyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şəraitin yaradıldığı bildirilib.

İmtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və appelyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlar Şura üzvləri tərəfindən məmnunluqla qarşılanıb.

İmtahan auditoriyalarında tələbələrlə səmimi söhbət edən Şura üzvləri imtahanların gedişi, sualların və biletlərin tərtibi, nəticələrin qiymətləndirilməsi və bir sıra digər məsələlərlə bağlı tələbələrin fikirlərini öyrəniblər.

Sonra Şura üzvləri və MDU-nun rektoru Şahin Bayramovun iştirakı keçirilən iclasda imtahan prosesi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, müvafiq tədbirlərin davamlı şəkildə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, MDU-nun İctimai Nəzarət Şurası universitet idarəçiliyində şəffaflığın daha da artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə yaradılıb. Şuranın tərkibinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov və təqaüdçü Ağagül Əliyev daxildir.

 

{phocagallery view=category|categoryid=296|limitstart=0|limitcount=0}