Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatorunu qəbul edib
14 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin strukturunda yeni yaradılmış Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru Minayə Hüseynovanı qəbul edib.
Qəbulda rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı qələbədən danışıb.
Ölkəmizdə şəhidlərin əziz xatirəsinin böyük ehtiramla anıldığını, dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini qeyd edən Ş.Bayramov cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclər arasında təbliğ edilməsi istiqamətində TVİM-in üzərinə düşən vəzifələrdən danışıb.
Hər birimizə sonsuz sevinc və fəxarət hissləri bəxş edən tarixi zəfər yürüşündə universitetin 4 əməkdaşının, 120-dən çox tələbə və məzunlarının iştirak etdiyini və 5 məzununun şəhdilik zirvəsinə ucaldığını bildirən rektor şərəfli döyüş yolu keçmiş MDU ailəsinin qəhrəman üzvlərinin həyat hekayələrinin işıqlandırılması, tələbə gənclərə aşılanması istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verib.
TVİM-in koordinatoru vəzifəsinə yeni təyin edilmiş M.Hüseynova göstərilən etimada görə MDU rəhbərliyinə təşəkkürünü bildirib, Mərkəzin uğurlu fəaliyyəti naminə üzərinə düşən şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, MDU Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi universitetdə təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə yaradılıb. 44 günlük Vətən Müharibəsində şəhid olan MDU-nun məzunu Əzəmi Hüseynovun həyat yoldaşı M.Hüseynova Mərkəzin koordinatoru vəzifəsinə işə qəbul edilib.