Mingəçevir Dövlət Universitetinin tələbələri
Sənaye Parkında ekskursiyada olublar
Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır.
Mingəçevir Dövlət Universiteti “Pedaqoji” fakültənin tələbələri Mingəçevir Sənaye Parkına “Mingəçevir Tekstil” MMC Pambıq İplik Fabrikinə ekskursiya ediblər.
1 nömrəli fabrikin istehsalat müdiri Hüseyn Həşimovun müşayəti ilə tələbələr və Pedaqoji fakültənin dekanı, dosent Nizami Zeynalov, “Mexanika” kafedrasının əməkdaşları, kafedra müdiri, dosent Mahir İsmayılov, dosent Ofelya Məmmədova və baş müəllim Ariz Abbasov istehsal prosesi və müasir texnoloji avadanlıqlarla yaxından tanış olublar.
Hüseyn Həşimov 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılmasının qərara alındığını qeyd edib.
Hüseyn Həşimov bildirib ki, hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.
Hüseyn Həşimov qeyd edib ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
İstehsalat müdiri məlumat verib ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq. “Open End” üsulu ilə isə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hüseyn Həşimov vurğulayıb ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilib.
{phocagallery view=category|categoryid=250|limitstart=0|limitcount=0}