Mingəçevir Dövlət Universitetinin tələbələrinin uğurlu seminarları
Son dövrlərdə Mingəçevir Dövlət Universitetində tədrisin və elmi-praktik işlərin keyfiyyətinin yüksəldilməsi, tələbələrə verilən nəzəri biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi, onların bilik və bacarıqlarının üzə çıxarılması üçün müxtəlif metodların tətbiqi, o cümlədən tələbələrin tədris proqramlarından kənar əldə etdikləri naliyyətlərin təbliğ edilməsi və stimullaşdırılması, kadr hazırlığı məzmununun müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində yeni struktur islahatlarına geniş yer verilməkdədir.
Bu günlərdə “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyevin təşəbbüsü ilə belə tədbirlərdən biri “İqtisadiyyat və idarəetmə” fakültəsinin İ17.2 saylı qrupunda “İqtisadiyyatın tənzimlənməsi” fənnindən keçirilən seminar məşğələsində təşkil edilib.
Xəbər verdiyimiz kimi Mingəçevir Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsinin İ17.2 saylı qrupun III kurs tələbəsi Əzizli Nurlan Nizami oğlu BP Şirkəti tərəfindən Azəri-Çıraq-Günəşli layihəsinin 25 illiyi şərəfinə keçirilən müsabiqənin qalibi olub. Müsabiqə şərtlərinin olduqca mürəkkəb və müsabiqə iştirakçılarının sayının çox olmasına baxmayaraq Nurlan Əzizli daha yüksək bilik və bacarıq göstərərək müsabiqənin üç qalibindən biri olub.
İ17.2 saylı qrupda “İqtisadiyyatın tənzimlənməsi” fənnindən “Ölkə iqtisadiyyatında xarici investisiyaların rolu və onların tənzimlənməsi“ mövzusunda keçirilən seminar məşğələsində Nurlan Əzizlinin “Əsrin müqaviləsinin reallaşmasında BP şirkətinin rolu” adlı təqdimatının müzakirəsi keçirilib. Əvvəlcə Nurlan Əzizli BP Şirkəti tərəfindən Azəri-Çıraq-Günəşli layihəsinin 25 illiyi münasibətilə keçirilən müsabiqə haqqında məlumat vermiş, sonra isə BP şirkətinin Azərbaycanda 25 illik fəaliyyətini əks etdirən video-çarxlar vasitəsi ilə qrup yoldaşlarına geniş məlumatı nəzərlərinə çatdırıb. Olduqca maraqlı keçən seminarda tələbələr aktiv iştirak edib, onları maraqlandıran suallara N.Əzizli və fənn müəllimi A.Tağıyev cavab verib.
Seminarı fənn müəllimi A.Tağıyev yekunlaşdıraraq Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafında xarici investisiyaların rolu, onların tənzimlənməsi xüsusiyyətləri, o cümlədən təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Əsrin müqaviləsi” adlı neft kontraktlarının uğurla həyata keçirilməsində Azərbaycan hökuməti ilə BP şirkətinin 25 illik birgə səmərəli fəaliyyətinin yekunları və gələcək fəaliyyət planları, o cümlədən “Şahdəniz” yatağından çıxarılan təbii qazın Türkiyə və Avropa bazarlarına ötürülməsini təmin edəcək Cənub Qaz Dəhlizi – TANAP – TAP layihəsi haqqında geniş məlumat verib.
{phocagallery view=category|categoryid=224|limitstart=0|limitcount=0}