2020-ci ilin 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin bir qrup üzvü Vətən Müharibəsində iştirak etmiş universitet əməkdaşlarından “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov, “Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadənin ailələrini ziyarət ediblər.
Görüşlərdə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində möhtəşəm qələbənin əldə edilməsi və düşmən tapdağında olan torpaqlarımızın azad olunması münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin təbrikləri çatdırılıb. Xalqımızın tarixinə qızıl hərflərə həkk olunacaq bu şanlı zəfərin qazanılması və tarixi ədalətin təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU əməkdaşlarının da iştirak etməsinin universitetin professor-müəllim və tələbə heyəti tərəfindən böyük fəxarət hissi ilə qarşılandığı bildirilib.
Ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstəriləcəyinə dair fikirləri xüsusi vurğulanıb. Ailə üzvləri hazırda ön cəbhədə xidmətini davam etdirən MDU əməkdaşlarına bir aylıq əməkhaqları məbləğində maddi yardımın ayrılması barədə məlumatandırılıb.
Göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkür edən müharibə iştirakçılarının ailə üzvləri universitet kollektivinin göstərdiyi həmrəyliyi yüksək qiymətləndiriblər.
Qeyd edək ki, MDU kollektivi şəhid, müharibə iştirakçısı və sosial qayğıya ehtiyacı olan ailələri daim diqqət mərkəzində saxlayır.