Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşının məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşının məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

 

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflə birgə yazdığı elmi məqalə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Transactions Issue Mathematics” jurnalının (Fizika-texnika və riyaziyyat elmləri seriyası) 2021-ci il, 41-ci cild, 1-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “Boussinesq-Love tənliyi üçün dövri və inteqral şərti daxilində tərs sərhəd məsələsinin həllinin varlığı haqqında” (İngilis dilində: “On solvability of an inverse boundary value problem for the Boussinesq-Love equation with periodic and integral condition”) adlı məqaləsinin yer aldığı sözügedən elmi jurnal nüfuzlu Scopus bazasında indeksləndirilir.

Məqalədə Boussinesq-Love tənliyi üçün dövri və inteqral şərti daxilində tərs sərhəd məsələsi araşdırılıb. Məsələ düzbucaqlı oblastda nəzərdən keçirilib, məsələnin klassik həllinin tərifi verilib. Məqalədə köməkçi tərs sərhəd məsələsi məchul funksiyalar üçün üç qeyri-xətti inteqral-diferensial tənliklər sisteminə gətirilib. Konkret Banah fəzası qurulub və bu fəzada qurulmuş kürədə sıxılan təsvirlər prinsipi əsasında qeyri-xətti diferensial tənliklər sisteminin həlledilən olması sübut edilib. Bununla da, ekvivalentlik üsulu ilə verilmiş məsələnin klassik həllinin varlığı və yeganəliyi isbat edilib.

Qeyd edək ki, MDU Elmi Şurasının 3 fevral 2021-ci il tarixli müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitetdə elmi fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırıb. Nəticədə, MDU əməkdaşlarının nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrinin sayı sürətlə artır.