Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflə birgə yazdığı növbəti elmi məqalə Hindistanda nəşr olunan “Advances In Differential Equations And Control Processes” jurnalının 2021-ci il, 24-cü cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “Dördüncü dərəcəli psevdoparabolik tənlik üçün zamana görə qeyri-lokal olan tərs sərhəd məsələsi haqqında” (ingilis dilində: “On an inverse boundary value problem with non-local on time conditions for a fourth order pseudo parabolic equation”) adlı məqaləsinin yer aldığı sözügedən elmi jurnal nüfuzlu Web of Science bazasında indeksləndirilir.
Məqalədə ikinci növ qeyri-lokal inteqral şərtləri daxilində dördüncü dərəcəli psevdoparabolik tənliklər üçün zamandan asılı məchul əmsalları olan tərs sərhəd məsələsi araşdırılıb. Başlanğıc tərs sərhəd məsələsi həll edilərkən, bəzi köməkçi tərs məsələlərə keçid edilib. Sıxılmış inikas metodu vasitəsilə köməkçi məsələnin həllinin varlığı və yeganəliyi isbat edilib, nəticədə başlanğıc tərs məsələnin həllinə nail olunub.
Bundan əvvəl, S.Allahverdiyevanın “Boussinesq-Love tənliyi üçün dövri və inteqral şərti daxilində tərs sərhəd məsələsinin həllinin varlığı haqqında” (İngilis dilində: “On solvability of an inverse boundary value problem for the Boussinesq-Love equation with periodic and integral condition”) adlı həmmüəlliflə birgə yazdığı elmi məqalə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nüfuzlu Scopus bazasında indeksləndirilən “Transactions Issue Mathematics” jurnalının (Fizika-texnika və riyaziyyat elmləri seriyası) 2021-ci il, 41-ci cild, 1-ci buraxılışında dərc edilib.
Qeyd edək ki, MDU-da elmi potensialın gücləndirilməsi məqsədilə akademik heyət üzvlərinin tədqiqat qabiliyyəti və bacarıqlarının artırılmasına, səmərəli elmi tədqiqat işlərinin yerinə yetirilməsi və elmi fəaliyyətin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, xüsusilə Elmi Şuranın müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitet əməkdaşlarının nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrinin sayının artmasına səbəb olub.
Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (14 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) 2 dəfə çoxdur. Yalnız 2021-ci ilin ilk doqquz ayında belə məqalələrin sayı 5-ə çatıb. Qeyd edək ki, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin ümumilikdə 21 məqaləsi dərc olunub.