Mingəçevir şəhər İcra Hakimiyyətində yaradılmış
təbliğat qrupları üçün tövsiyələr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl həyata keçirilən və davamlı sosial-iqtisadi inkişafı təmin edən mühüm tədbirlərin mahiyyəti barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tövsiyələrinə uyğun olaraq şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə təbliğat qrupları formalaşdırılmışdır.
– Şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri şəhər İcra Hakimiyyətində yaradılmış təbliğat qrupunun üzvü olmaqla, eyni zamanda müəssisədə yaradılan təbliğat qruplarının rəhbəri olmalıdır.
– Təbliğat qrupuna daxil olan hər bir müəssisənin özündə, şöbə, sahə, bölmələr üzrə təbliğat qrupları formalaşdırılmalıdır.
– Ölkə prezidenti cənab İlham Əliyevin keçirdiyi qəbullar, iştirak etdiyi tədbirlər, habelə çıxışları və müsahibələrinə dair rəsmi açıqlamalar Prezident Administrasiyası tərəfindən tezislər şəklində şəhər İcra Hakimiyyətinə göndərilir və hazırlanmış təbliğat materialları müəssisələrdəki təbliğat qruplarına ötürülür.
– Göndərilən tezislər dərindən öyrənilməli, yerli xüsusiyyətlər nəzərə alınmaqla yeni məqalələr və analitik materiallar hazırlanmaqla hər bir müəssisənin saytında yerləşdirilməlidir. Təhlillər əsasında hazırlanmış, reallıqları əks etdirən, sadə, anlaşılan dildə, konkret misallara əsaslandırılan bu materiallar əmək kollektivlərində, idarə və müəssisələrdə geniş təbliğ olunmalıdır.
– Heydər Əliyev Mərkəzinin nəzdində, digər müəssisələrdə yaradılan təbliğat qrupları pandemiya dövrünün tələblərinə uyğun olaraq video formatda məşğələlər təşkil etməlidirlər.
– Hazırlanan təbliğat materialları əhalinin bütün zümrələrinə operativ çatdırılması üçün şəhərdə fəaliyyət göstərən yerli mətbuat orqanlarında dərc edilməli, müəssisələrin internet səhifələrində və sosial şəbəkələrdə paylaşılması təmin edilməlidir. Təbliğat materiallarının şəhər İcra Hakimiyyətinin, habelə ziyalıların, gənclərin sosial şəbəkə hesablarında, statuslarında həm mətn formasında, həm də infoqrafika şəklində yerləşdirilməsi təşkil olunmalıdır.
– Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq video format şəklində təbliğat qrupu üzvləri ilə görüşlər keçirilməli, bu görüşlərdə təbliğat materiallarından istifadə olunmalı, hər bir məsul əməkdaş bu materialları öyrənməlidir.