Mingəçevirdə 20 Yanvar Ümumxalq Hüzn günü qeyd edilib.
Mingəçevir Dövlət Universitetinin kollektivi tədbirdə fəal iştirak edib.
Yanvarın 20-də Ümumxalq Hüzn günü qeyd edilib. Minlərlə mingəçevirli Şəhidlər xiyabanına axışaraq xalqımızn tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət və ehtiramını bildirib. Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, ali, orta ixtisas və ümumtəhsil məktəblərin kollektivləri, gənclər və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyini, lakin qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdığını qeyd edib: “1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. 20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən gündür. Elə bu kimi səbəblərdən 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub”.
Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnələşdirilmiş ədəbi kompozisiya nümayiş olunub. Faciənin miqyası bədii formada anım tədbiri iştirakçılarına çatdırılıb. Mərasimin gedişində avtomobillərdən qalxan səs siqnalları hərəkətliliyi bir anlığa dondurub və şəhər sakinləri şəhidlərin xatirəsinə ehtiram duruşu nümayiş etdirib.
Mingəçevir Dövlət Universitetinin kollektivi tədbirdə fəal iştirak edib. Kollektiv üzvləri universitetin “İnformasiya texnologiyaları” kafedrasının dosenti Elmira İsrafilovanın Qarabağ müharibəsində qəhrəmancasına həlak olan və Şəhidlər Xiyabanında dəfn olunan qardaşı Elşad İsrafilovun yaxınlarına və əzizlərinə baş sağlığı verib qəbrini ziyarət edib, qəbri üzərinə gül dəstələri qoyub ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Mingəçevir şəhəri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində 326 nəfər şəhid verib. Onlardan 100-ə yaxını itgin düşüb.
{phocagallery view=category|categoryid=308|limitstart=0|limitcount=0}