“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş video və fotomüsabiqənin yekunları açıqlanıb

2024-cü ilin 13 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən foto və video müsabiqənin yekunu ilə bağlı görüş keçirilib.

Müsabiqə barəsində məlumat verən MDU-nun Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin əməkdaşı Aytən Musayeva  bildirib ki, universitet tələbələri üçün cari ilin mart ayında elan edilmiş “Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davamlılıq və Ətraf mühit” mövzusunda video və “Ətraf mühit sənin baxışında” şüarı ilə foto müsabiqəyə qəbul olunmuş şərtlərə əsasən, MDU-da təhsil alan tələbələr qatıla bilərdi. 00:30-02:00 dəqiqəlik vaxt aralığında videolar və mövzunu əhatə edən fotolar çəkilərək greencampus@mdu.edu.az elektron poçt ünvanına göndərilib. 9 nəfərdən ibarət münsif heyətinin iştirakı ilə müsabiqəyə təqdim olunan 9 videoya  baxış keçirilərək 10 ballıq sistemlə münasibət bildirilib. Nəticə etibari ilə I (Əli Qeyisov), II (Orxan Əhmədov), III (Orxan Abbasov) yerlərin qalibləri müəyyən olunub.

Sonra isə 12  nəfər münsifin iştirakı ilə 59 fotoya baxış keçirilib, ən yaxşıları seçilərək I (Orxan Abbasov), II (Səbinə Qədimova), III (Əfsanə Şamxallı) yerlərin qalibləri müəyyən edilib.

Sonra MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov çıxış edib. O, müsabiqənin keçirilməsində əsas məqsədin ətraf mühitin mühafizəsində gənclərin rolunu artırmaq, tələbələrin ekoloji şüurunu formalaşdırmaq olduğunu deyib. Ü.Zeynalov diqqətə çatdırıb ki, bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu isə hər bir Azərbaycan vətəndaşından ciddi məsuliyyət tələb etməklə yanaşı, bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Belə bir məqamda gənclərin bu istiqamətdə fəal olması olduqca zəruridir.

Sonda qaliblərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.