MDU-da narkomaniya ilə mübarizəyə həsr edilmiş elmi-praktik seminar keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü il noyabrın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝ Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin təmin edilməsi˝ mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Seminara moderatorluq edən MDU-nun hüquqşünası Polad Atayev giriş sözü ilə çıxış edərək sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Daha sonra bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyanın bir çox faciəvi fəsadlara gətirib çıxardığını qeyd edib. Narkomaniya ilə mübarizədə ictimaiyyətin bütün üzvlərinin səylərinin birləşdirilməsinin zəruriliyindən danışan P.Atayev bu istiqamətdə maarifləndirici tədbirlərin önəmini diqqətə çatdırıb və hazırki seminarın əhəmiyyətini vurğulayıb.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun hüquqşünası Polad Atayev “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi”, Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserin həkim narkoloqu Eldar Mustafayev “Narkotik vasitələrin cəmiyyətimizdə yaratdığı ümumi və xüsusi təhlükələr və qarşısının alınmasının tibbi-profilaktiki yolları”, MDU-nun hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin təşkili və maarifləndirmı xarakterli tədbirlərin həyata keçirilməsinin təmin edilməsi” , MDU-nun müəllimi Nərgiz Niftəliyeva “Yetkinlik yaşına çatmayanların və gənclərin təlim tərbiyəsinə, məşğulluğuna asudə vaxtların səmərəli təşkilinə diqqətin artırılması, idman incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizə üsulları və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Məruzə ətrafında aparılan müzakirələrdən sonra Narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.