Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.
Sərəncamda deyilir: “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.
Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.