2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetində cari il üzrə magistratura məzunlarının dissertasiya işlərinin nümayiş olunduğu “Poster sessiyası” təşkil edilib.
Universitetin həyətində açıq havada keçirilən və başlıca məqsədi magistrantlar tərəfindən həyata keçirilən tədqiqatların əsas nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarət olan “Poster sessiyası”nda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov əməkdar elm xadimi, professor Şahlar Əsgərov, universitetin İctimai Nəzarət Şurasının üzvləri və digər qonaqlarla birlikdə universitetin mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunlarının hazırladıqları posterlərlə yaxından tanış olub və onların tədqiqatları barədə ətraflı məlumat alıblar. Posterlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Poster sessiyası”na baxışdan məmnunluqlarını ifadə edən qonaqlar regionda elmin populyarlaşdırılması və gənclərin elmə marağının artırılması baxımından bu təşəbbüsü yüksək dəyərləndiriblər. Artıq ikinci ildir ki, “Poster sessiyası”nın keçirildiyini qeyd edən rektor MDU həyatında önəmli hadisələrdən hesab edilən bu ənənənin davamlı olacağını vurğulayıb.
Magistrantlar yaradılan imkanlara və göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, MDU-da “Poster sessiyası”nın keçirilməsinə elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ötən ildən start verilib