MDU-da magistrantların “Poster Sessiyası” keçirilib

2024-cü ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari il üzrə magistratura səviyyəsi üzrə məzunların dissertasiya işlərindən ibarət növbəti “Poster Sessiyası” keçirilib.

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış sesssiya universitetin əsas tədris binasında təşkil edilib.

 “Poster Sessiyası”nda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak edib. Sessiyada magistrantlar tərəfindən hazırlanan tədqiqatların əsas nəticələri geniş ictimaiyyətə çatdırılıb.

MDU-nun rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunlarının təqdim etdikləri posterlərlə yaxından tanış olub, onların tədqiqatları barədə maraqlanıb. Ü.Zeynalov universitetdə magistratura səviyyəsində tədrisin və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, magistrantların tədqiqat bacarıqlarının artırılması və doktorantura səviyyəsində ali təhsiln əlçatanlığının təmin edilməsini diqqət mərkəzində saxlanıldığını bildirib və nümayiş olunan posterləri təqdirəlayiq hesab edib.

Magistrantlar yaradılan imkanlara və göstərilən dəstəyə görə universitet rəhbərliyinə və müəllimlərə xüsusi təşəkkür ediblər. Sonda hər üç istiqamət üzrə ən yaxşı posteri hazırlayan və təqdimatını edən 3 magistrant hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da “Poster Sessiyası” 2022-ci ildən etibarən keçirilir.