Qazilərə sosial xidmət mərkəzi 

Qazilərə xidmət günümüzün aktual problemlərindəndir. Dövlət Statistika Komitəsinin 2023-cü il üçün dərc etdiyi məlumatına əsasən Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 20 000-dən çoxdur. Onlar dövlətin himayəsində olsalar da hər zaman daha çox mənəvi, psixoloji, fiziki dəstəyə ehtiyacları var. Böyük əksəriyyəti gənc yaşda olan qazilərimizin gənc tələbələrlə ünsiyyəti, onlarla vaxt keçirməsi, eyni zamanda ağır yataq xəstəsi olan qazilərimizə gənc tələbələr tərəfindən qayğı göstərilməsi hər iki tərəfin ictimai, mənəvi-psixoloji yöndən özünü realizə etməsinə səbəb ola bilər. 

Digər tərəfdən “Sosial iş” və “Sosial psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələr üçün bu mərkəz səriştəyönümlü elmi-tədqiqat laboratoriyası funksiyasını yerinə yetirəcək. Qazilərə sosial xidmət göstərən tələbələrin bu istiqamətdə səriştə əldə etməsi, onların gələcəkdə əmək bazarına daha hazır səviyyədə daxil olması baxımından da mühüm rol oynamış olacaq. Hazırda Azərbaycan universitetlərində belə bir təcrübə mövcud deyil. Mingəçevir Dövlət Universiteti nəzdində “Qazilərə sosial xidmət mərkəzi” adlı səriştəyönümlü elmi-tədqiqat mərkəzinin açılması diğər ali təhsil müəssisələri üçün də həm stimul, həm də mütərəqqi örnək ola bilər. Bu layihənin gerçəkləşməsi üçün sözügedən istiqamətdə proqram hazırlanmalı, peşəkar təcrübəli pedaqoqların, bu sahənin mütəxəssisi olan alimlərin rəhbərliyi ilə  auditoriyadankənar dərs saatları dəyərləndirilməlidir. Layihəni reallaşdıra bilmək üçün “sosial xidmət” istiqamətində fəaliyyət göstərən dövlət təşkilatlarının, həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyət meyarlarına, əsasnamələrinə, həyata keçirdikləri konkret layihələrə nümunə olaraq müraciət etmək olar.

Mərkəzin həyata keçirəcəyi tədbirlərin məqsədləri, layihələr çərçivəsində yaradılacaq elmi-tədqiqat mərkəzinə cəlb ediləcək tələbələrin qazilərə sosial xidmətin təşkilində və həyata keçirilməsi iqtiqamətində təcrübə əldə etmələri, bilik, bacarıq və vərdişlərini artırmaq, onların gələcəkdə əmək bazarına praktik vərdişlərə yiyələnmiş təcrübəli kadrlar kimi cəlb olmalarını təmin etmək, eyni zamanda qazilərin mənəvi motivasiyasını, fiziki dəstəyə ehtiyacı olduğu halda onlara gərəkən köməkliyin göstərilməsini, habelə, onlar üçün asudə vaxtlarını səmərəli keçirəcəkləri əyləncəli tədbirlərin təşkil edilməsini, birgə əmək fəaliyyəti ilə məşğul olmaqla onları yenidən cəmiyyətə adaptasiya etməyə çalışmaq gələcəkdir. Təcrübənin sonunda tələbələr əldə etdikləri nəzəri bilikləri praktiki vərdişlərə çevirəcək, gələcəkdə qazilərlə sosial işin təşkili istiqamətində yeni metodlar təklif etməyi bacaracaq, yetərli vərdişlərə yiyələnəcəklər.

Qazilərə sosial xidmət mərkəzi

Qazilərə sosial xidmət mərkəzinin Əsasnaməsi

Qazilərə sosial xidmət mərkəzinin fəaliyyət planı