MDU-nun əməkdaşı “Refresh” Erasmus+ layihəsi çərçivəsində İspaniyaya səfəri ilə bağlı təəssüratlarını bölüşüb

2024-cü ilin 24 iyununda Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova İspaniyaya etdiyi rəsmi səfərlə əlaqədar olaraq MDU-nun kollektivi ilə görüş keçirib.

2024-cü ilin 3-7 iyun tarixlərində İspaniyanın Barselona Universitetində olmuş əməkdaşımız  səfərdə əldə etdiyi təcrübələrini və təəssüratlarını iştirakçılarla bölüşüb.

A.Cavadova bildirib ki, səfər MDU-nun da tərəfdaşı olduğu Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması-REFRESH” layihəsi çərçivəsində həyata keçirilib. O, bu səfərə ölkənin bir neçə ali təhsil müəssisəsinin əməkdaşları ilə birlikdə qatılaraq orada təşkil edilən təlimlərin iştirakçısı olub.

Əməkdaşımız Barselona universiteti barədə əldə etdiyi maraqlı məlumatlardan bəhs edib. A.Cavadova həmin təhsil ocağının zəngin laboratoriyası, kitabxanası, istixanası, biologiya fakültəsində olduğunu bildirib və müşahidələri haqqında danışıb, çəkdiyi şəkillərin təqdimatını edib.

Qeyd edək ki, “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır.