Şahin Bayramov: Bu gün Ulu Öndərin ruhu şaddır, onun ideyaları, arzuları reallığa çevrilib
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini vəfatının 18-ci ildönümündə böyük qürur və ehtiramla yad edirik. Danılmaz həqiqətdir ki, müasir, müstəqil, qüdrətli Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı Azərbaycan xalqının rəmzinə çevrilib. Bu gün Heydər Əliyev dedikdə Azərbaycan, Azərbaycan dedikdə Heydər Əliyev yada düşür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
Rektor bildirib ki, müstəqilliyin ilk illərində, ən ağır və keşməkeşli dövründə xalqın çağırışına cavab verməsi, ailəsinə və özünə qarşı həyati təhlükəyə baxmayaraq hakimiyyətə qayıtması, xilaskarlıq missiyasını uğurla həyata keçirməsi Ulu Öndərin milli mənafeləri hər şeydən üstün tutmasından irəli gəlirdi. Böyük fədakarlığı və əzmkarlığı, uzaqgörən və müdrik siyasəti, güclü siyasi iradəsi, yüksək intellekti və unikal liderlik keyfiyyətləri ilə Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi, müasir və hərtərəfli inkişaf edən Azərbaycanı xalqımıza miras qoydu.
“Bu gün Ulu Öndərin ruhu şaddır, onun ideyaları, arzuları reallığa çevrilib və Azərbaycan adlı ən böyük mirası etibarlı əllərdədir”, – deyən Şahin Bayramov qeyd edib ki, əbədiyaşar liderin memarı olduğu müasir Azərbaycan, onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyət müstəvisində sürətlə inkişaf edir, nəhəng uğurlara imza atır, dünyanın siyasi xəritəsində mövqeyini daha da gücləndirir, tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələri yazılır.
Şahin Bayramov deyib: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Ümummilli Liderin ən böyük arzusu olan Azərbaycanın ərazi bütövlüyü təmin olundu, tarixi ədalət bərpa edildi, milli qürurumuz qorundu. Uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımız indi sürətlə dirçəldilir, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı layihələr həyata keçirilir”.
Mingəçevir Dövlət Universitetinin rektoru bildirib ki, illər keçdikcə əzəməti və nəhəngliyi daha aydın görünən dahi şəxsiyyətin xilaskarlıq missiyası, bir ömürə sığmayan çoxşaxəli titanik fəaliyyəti, ölkəmizin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında misilsiz və müstəsna xidmətləri qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıq hissləri ilə daim xatırlanır, əbədiyaşar liderin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinə hər zaman ehtiyac duyulur.
“Ömrünü Azərbaycanın firavan gələcəyinə həsr edən Ulu Öndərimizin örnək həyat və fəaliyyəti, zəngin irsinin davamlı tədqiqi və gənc nəsil arasında təbliği ölkəmizin ali təhsil müəssisələrində Vətəninə, dövlətinə və xalqına bağlı mütəxəssis kadrların hazırlanması işinə çox böyük töhfələr verir. Dahi şəxsiyyətin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır”, – deyə rektor əlavə edib.