Rektor Şahin Bayramovun
10 Noyabr – Dünya Elm Günü münasibətilə təbriki
10 noyabr – Dünya Elm Günüdür!
Bu münasibətlə, Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyətini, doktorant, magistrant və tələbələrini təbrik edir, onlara elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.
Nəticəyönümlü elmi tədqiqatların genişləndirilməsi, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və nüfuzlu elmi nəşrlərdə dərc olunan məqalələrin sayının artırılması sürətlə modernləşən MDU-nun əsas prioritetləri sırasındadır.
Universitetimizin Elmi Şurasının müvafiq qərarı ilə 2021-ci ildə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları” təsdiq edilib.
Bu günə olan məlumata əsasən, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (14 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) 2 dəfə çoxdur.
MDU tarixində ilk dəfə olaraq, 2021-ci ildə “Dayanıqlı inkişaf” adlı multidissiplinar elmi jurnalın ilk nömrəsi dərc olunub.
MDU əməkdaşlarının həm universitetdə, həm də universitetdən kənarda keçirilən elmi konfrans, simpozium və forumlarda iştirakçılıq sayında ciddi artım müşahidə olunur.
MDU-nun elmi potensialının yüksəldilməsi, əməkdaşların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və innovativ tədqiqat metodlarının tətbiqinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Universitetimizin elmi fəaliyyət istiqamətində növbəti uğurları üçün çalışan MDU ailəsinin bütün üzvlərinə davamlı uğurlar arzulayıram.