“AZƏRBAYCAN” qəzeti
Qəzetin PDF versiyası
Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Respublikamızda “Heydər Əliyev İli”nə həsr olunan çoxsaylı tədbirlərdə dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad edilir.
Mingəçevir Dövlət Universitetində də (MDU) “Heydər Əliyev İli” çərçivəsində geniş tədbirlər planının reallaşdırılması diqqət mərkəzində saxlanılır. Tədbirlər planı universitetdə və regionda Ümummilli Liderimizə həsr olunan mühazirələr, “dəyirmi masa”lar, seminarlar, konfranslar, ağacəkmə aksiyaları, ekskursiyalar, bilik və idman yarışları və digər tədbirlərlə yanaşı, ölkə xaricində də, xüsusilə qardaş Türkiyədə tərəfdaş universitetlərlə birgə fəaliyyətləri ehtiva edir. Bu baxımdan 2023-cü ilin 18-22 iyun tarixlərində “Heydər Əliyev İli” çərçivəsində MDU nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya səfəri məhsuldar, faydalı və maraqlı tədbirlərlə və görüşlərlə yadda qalmışdır.
İyunun 19-da Ankarada Azərbaycan səfirliyi, Türkiyənin Qazi Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransda müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin milli müstəqilliyimizin qorunması və gücləndirilməsi naminə misilsiz xidmətlər göstərdiyi, xalqımızın xilaskar lideri və Ümummilli Lideri zirvəsinə yüksəldiyi qeyd edilmiş və hazırda müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın həmrəyliyi, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Eləcə də “bir millət, iki dövlət” anlayışıyla Ümummilli Liderimizin hər zaman qardaş Türkiyə ilə əlaqələrin inkişafına və dostluq münasibətlərinin gücləndirilməsinə böyük önəm və misilsiz töhfələr verdiyi diqqətə çatdırılmış, dahi şəxsiyyətin əziz xatirəsinin xalqlarımız tərəfindən daim böyük hörmət, sonsuz sevgi və minnətdarlıqla yad ediləcəyi bildirilmişdir. Ulu Öndərimiz Heydər Əliyevin qlobal liderlik keyfiyyətlərinə malik olduğu vurğulanmış, görkəmli dövlət xadiminin çoxşaxəli, zəngin həyat və fəaliyyətində türk dünyasının xüsusi və mühüm yerə sahib olduğu diqqətə çatdırılmışdır. Qarşılıqlı əlaqələrin inkişafında elm və təhsil sahəsinin önəmindən danışılmış, növbəti illər üçün hər iki qardaş ölkənin inkişaf strategiyasının əməkdaşlıq baxımından yeni imkanlar qazandıracağı, universitetlərin hərəkətverici rolunu və məsuliyyətini daha da artıracağı qeyd edilmişdir.
Açılış nitqlərindən sonra konfrans panel iclası ilə davam etmişdir. Paneldə MDU alimləri “Heydər Əliyev və “bir millət, iki dövlət” anlayışı” və “Heydər Əliyevin türk dünyasının birliyinə töhfələri” mövzusunda, Qazi Universiteti alimləri “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri”, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “bir millət, iki dövlət” sözlərinin türk sənətində izləri” mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Həmçinin iyunun 20-də Ankarada Azərbaycan səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransda Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsinin Ulu Öndərimizin müstəsna xidmətlərindən olduğu qeyd edilmiş, hazırda tarixinin şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycanın Ümummilli Liderimizin şah əsəri olduğu bildirilmişdir. “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamı xatırladılaraq dahi şəxsiyyət Heydər Əliyevin bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr etdiyi vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, Ümummilli Liderimizin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nəhəng uğurlar, tarixi qələbələr ölkəmiz üçün bu siyasi xəttin alternativsizliyini bir daha nümayiş etdirir. Güclü Türkiyənin bütün türk dünyası üçün mühüm önəm kəsb etdiyi vurğulanmış, yaradılmasının ikinci yüzilliyinə qədəm qoyan Türkiyə Cümhuriyyətində inşasına başlanılan “Türkiyə yüz ili” strategiyasının türk dünyasının birliyinin daha da güclənməsində mühüm rol oynayacağına əminlik ifadə edilmiş, elm, təhsil və mədəni əlaqələrin, universitetlərarası əməkdaşlığın önəmindən danışılmışdır.
Daha sonra paneldə davam edən konfransda MDU və Ankara Hacı Bayram Veli Universiteti alimləri məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən, Ulu Öndərimizin türk xalqlarının ədəbiyyatının inkişafına töhfələrindən, Qarabağ zəfərinə qədər və sonrakı dövrlərdə qarşılıqlı əlaqələrin vəziyyəti və inkişaf perspektivlərindən bəhs edilmişdir. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Ümummilli Liderimizin 100 illik yubileyinin qeyd edilməsi məqsədini daşıyan səfər çərçivəsində tərəfdaş universitetlərlə MDU arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hədəflənən işgüzar görüşlər keçirilmiş və faydalı müzakirələr aparılmışdır. Bu baxımdan MDU nümayəndə heyətinin Qazi Universitetinin Mühəndislik və Texnoloji fakültələrində, Ankara Hacı Bayram Veli Universitetinin Turizm, İqtisadi və idari bilimlər fakültələrində akademik və inzibati heyət üzvləri ilə görüşləri mühüm əhəmiyyət kəsb etmişdir. Görüşlərdə universitetlərin uyğun fakültələri arasında qarşılıqlı faydalı əməkdaşlığın potensialı dəyərləndirilmiş, növbəti tədris ilində işbirliyinin daha da gücləndirilməsi məqsədilə yeni fəaliyyət planının hazırlanması barədə müvafiq razılıqlar əldə edilmişdir. Nümayəndə heyəti həmçinin fakültələrdə mövcud tədris şəraiti və infrastrukturu ilə yaxından tanış olmuş, laboratoriyalara baxış keçirmişdir. Bununla yanaşı, Qazi Universitetinin Mühəndislik fakültəsində keçirilən “Məzun günü” tədbirində iştirak, tərəfimizdən gənc məzunlara təbriklərin və ən səmimi arzuların ifadə edilməsi, onlara müvafiq təltiflərin təqdim edilməsi səfərin məzmununu rəngarəng etmişdir.
MDU nümayəndə heyətinin qardaş ölkəyə səfəri Türkiyə Respublikasının yeni təyin olunmuş milli təhsil naziri Yusuf Tekinlə görüşü ilə də əlamətdar olmuşdur. Görüş zamanı yeni təyinat münasibətilə cənab nazirə təbriklər çatdırılmış və ona məsul vəzifəsində uğurlar arzulanmışdır. Eyni zamanda Ankara Hacı Bayram Veli Universitetində rektor olduğu müddətdə MDU ilə əməkdaşlığın inkişafına göstərdiyi dəstəyə görə universitetimizin dostu Y.Tekinə tələbə və müəllim kollektivimiz adından təşəkkür ifadə edilmişdir.
Şahin BAYRAMOV
Mingəçevir Dövlət Universitetinin rektoru