Rektor Şahin Bayramovun “AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetində “MDU YENİ DÖVRÜN UNİVERSİTETİNƏ ÇEVRİLMƏK YOLUNDA” başlıqlı yazısı (II hissə) dərc olunub

2022/2023-cü tədris ilinin yekunları: idarəetmədə və ali təhsil mühitində yeniliklər

“Azərbaycan müəllimi” qəzeti, 21.07.2023
Qəzetin PDF versiyası
(Əvvəli https://muallim.edu.az/news.php?id=25823)

İdarəetmədə prioritetlər və əsas nəticələr

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən, yeni dövrün universitetinə çevrilməyi strateji hədəf olaraq müəyyən edən Mingəçevir Dövlət Universitetində (MDU) idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması prosesi 2022/2023-cü tədris ilində də davam etdirilmişdir. Tədris, elm və innovasiya fəaliyyətinin keyfiyyətinin davamlı sürətdə yüksəldilməsi, yeni ixtisasların yaradılması, tərəfdaş yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafı, müvafiq dövlət qurumları və sənaye ilə işbirliyinin gücləndirilməsi, tələbələr və məzunlarla işin təkmilləşdirilməsi, təhsilalanların, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, təşkilati strukturun optimallaşdırılması, rəqəmsallaşma, infrastrukturun yenilənməsi, sosial fəaliyyətlərin genişləndirilməsi və cəmiyyətə fəal inteqrasiya məsələləri idarəetmədə prioritetliyini qoruyub saxlamışdır. Universitetin missiyasını daha effektiv şəkildə həyata keçirmək, sürətli modernləşməsini təmin etmək və milli ali təhsil məkanında mövqeyini gücləndirmək məqsədlərinə xidmət edən bu prioritet fəaliyyətlərin reallaşdırılması istiqamətində əldə olunan nəticələr hərtərəfli inkişaf baxımından ali təhsil mühitinin imkanlarının və cəlbediciliyinin artmasında mühüm rol oynamışdır.

Sözügedən məsələlər MDU-nun kollegial idarəetmə orqanı olan Elmi Şurasının hesabat dövründə keçirilmiş 10 iclasının gündəliklərində də öz əksini tapmışdır. Elmi Şura iclaslarında təhsil, elm, sosial, maliyyə, əməkdaşlıq və digər sahələrdə universitet idarəçiliyinin cari vəziyyəti və problemləri müzakirə olunmuş, onun müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Universitetdə mövcud struktur bölmələr arasında koordinasiyanın gücləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması, yeni struktur bölmələrin yaradılması, əməkdaşlar üçün stimullaşdırıcı və motivasiyaedici mexanizmlərin tətbiqi və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində müvafiq addımlar atılmışdır.

İdarəetmədə çevik, şəffaf və rəqəmsal mexanizmlərin geniş tətbiqinə xüsusi diqqət göstərilmişdir. Dünya və milli ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq, universitetin strukturunun təkmilləşdirilməsi məqsədilə 2022/2023-cü tədris ilində MDU-da Rəqəmsal inkişaf və layihələrin idarəedilməsi şöbəsi yaradılmışdır. Bununla yanaşı, universitetdə Keyfiyyət Təminatı üzrə Komissiya fəaliyyətə başlamış və onun Əsasnaməsi təsdiq edilmişdir. Eləcə də, vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinin MDU-da tətbiq edilməsi məqsədilə hazırlıq işlərinə başlanılmışdır.

Kadr potensialının, tədris-metodiki və infrastruktur təminatın məqsədyönlü və kompleks şəkildə gücləndirilməsi istiqamətində görülən işlər universitetdə əmək bazarının mövcud tələblərinə uyğun yeni ixtisasların açılmasına imkan yaratmışdır. Belə ki, 2022/2023-cü tədris ilindən etibarən MDU-da bakalavriat səviyyəsində 6 yeni ixtisas – “Kompüter mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Fizika müəllimliyi”, “Kimya müəllimliyi” və “Turizm bələdçiliyi”, magistratura səviyyəsində isə 1 yeni ixtisaslaşma – “Tarix fənninin tədrisi metodikası və metodologiyası” üzrə tələbə qəbulu həyata keçirilmiş və kadr hazırlığına başlanılmışdır.Bundan əlavə, növbəti 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsində 4 yeni ixtisas – “Kompüter elmləri”, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”, “Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)” və “Sosial iş”, magistratura səviyyəsində isə 1 yeni ixtisaslaşma – “Ətraf mühitin mühafizə metodları və bərpası” və 2 MBA proqramı – “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)” və “Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)” üzrə tədrisin həyata keçirilməsi planlaşdırılmışdır. Beləliklə, universitetdə kadr hazırlığı həyata keçirilən proqramların  sayı  bakalavriat  səviyyəsində  31-ə, magistratura səviyyəsində isə 19-a yüksəldilmişdir. Eləcə də, yeni ixtisasların yaradılması MDU-da tələbə-müəllim kontingentinin genişlənməsinə də müsbət təsirini göstərmişdir. Son 5 tədris ili ərzində tələbələrin sayı 76 faizdən çox, magistrantların sayı 72 faizdən çox, akademik heyət üzvlərinin sayı isə 21 faizə yaxın artmışdır (şəkil 1).

Hesabat dövründə MDU əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.Təhsil işçilərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının prioritetliyi, universitetin mövcud maliyyə imkanları nəzərə alınmaqla Elmi Şuranın müvafiq qərarına əsasən 2023-cü ilin yanvarın 1-dən etibarən MDU əməkdaşlarının əməkhaqları orta hesabla 12 faiz artırılmışdır. Eyni zamanda, universitetin akademik heyət üzvlərinin elmi nəşrlərdə dərc edilən əsərlərə görə müvafiq qaydada mükafatlandırılması onların elmi fəaliyyətlərinin nəticəyönümlüyünün və gəlirlərinin artırılması baxımından xüsusi önəm kəsb etmişdir. Bununla yanaşı, seçkili vəzifələrin tutulmasında şəffaflığın və ədalətli rəqabətin təmin edilməsi prinsiplərinə əsaslanaraq, 2022/2023-cü tədris ilində “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulması meyarları” təsdiq edilmişdir. Hesabat dövründə işə qəbul müsabiqələrinin yeni meyarlar əsasında həyata keçirilməsi universitetdə kadr potensialının gücləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə və elmi fəaliyyətin səmərəliliyinin artırılmasına hədəflənmişdir.

Bundan əlavə, hesabat dövründə tələbələrin universitet idarəçiliyində fəal iştirakı təmin edilmişdir. MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibində tələbələr fəal təmsil olunmuşlar. Tələbə və valideynlərin istəklərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə payız və yaz semestrlərinin imtahan sessiyaları ərzində universitet rektorunun iştirakı ilə “Açıq qapı” günləri keçirilmişdir. MDU-da “İmtahanlara dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyəti imtahan sessiyasında operativliyin təmin edilməsinə və yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasına xidmət etmişdir.

Eləcə də, ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimində abituriyentlərə könüllü əsaslarla məlumatlandırıcı və məsləhət xidmətləri göstərmək məqsədilə MDU-da “Abituriyentlərə dəstək qrupu” yaradılmış, yeni qəbul olmuş tələbə və magistrantların universitetlə tanışlıq prosesinə dəstək məqsədilə “Oriyentasiya Günü” keçirilmiş və onların universitet həyatına daha motivasiyalı inteqrasiyası üçün rektorla görüşləri təşkil edilmişdir. Həmçinin, MDU-da məzun günlərinin xüsusi təntənə ilə qeyd olunması, cari tədris ilindən etibarən məzunlarla görüşlərə start verilməsi, onların müxtəlif tədbirlərə dəvət edilməsi, ehtiyaclarının öyrənilməsi və karyera inkişafının dəstəklənməsi qarşılıqlı faydalı universitet-məzun münasibətlərinin qurulmasına əsaslanmışdır. Artıq ikinci ildir ki, MDU-da tədris ilinin sonunda təşkil olunan “Poster sessiya”ları magistrant məzunların tədqiqat nəticələrinin daha geniş ictimaiyyətə çatdırılması və elmi karyeralarının inkişafı baxımından əlverişli platformaya çevrilmişdir.

Bunlarla yanaşı, Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurasının üzvləri müvafiq fəaliyyətlərə qoşulmaqla universitetin idarəçiliyinə aktiv cəlb olunmuşlar.

Təhsil alanların və təhsil verənlərin potensialının inkişafı

 2022/2023-cü tədris ilində MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə təlim və seminarlar, karyera məsləhəti və təcrübə proqramları fəaliyyət komponentləri üzrə bütövlükdə 157 sayda tədbir həyata keçirilməklə 3163 nəfərə karyera xidməti göstərilmişdir. Bununla yanaşı, əməkdaşların, tələbə və magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə onların universitet və respublikadaxili eləcə də beynəlxalq səviyyədə həyata keçirilən müvafiq layihələrdə, maarifləndirici tədbirlərdə, təlim və təcrübə proqramlarında iştirakı üçün lazımi şərait yaradılmışdır.

Hesabat dövründə İqtisadiyyat, Elm və Təhsil nazirliklərinin dəstəyi ilə Alqoritmika Beynəlxalq Proqramlaşdırma Məktəbi tərəfindən təşkil edilən 5 aylıq IT kursunda MDU əməkdaşının iştirakı dəstəklənmişdir.

MDU-nun 10 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak etmişdir. Eləcə də MDU əməkdaşları 2-ci “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimçi və mentor qismində fəaliyyət göstərmişlər.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə MDU-nun gənc əməkdaşları, tələbə və magistrantları cəlb edilmişdir.

Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialı tərəfindən MDU-da gənclərin karyera və şəxsi inkişaf məsələləri ilə bağlı görüş keçirilmişdir. Həmçinin, sözügedən tərəfdaş qurum tərəfindən universitetdə karyera inkişafının müxtəlif aktual mövzularına həsr olunan “TİPx: Mingəçevir” konfransı təşkil edilmişdir.

Dövlət Vergi Xidmətinin (DVX) gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək məqsədilə təşkil etdiyi “Yay Təcrübə Proqramı”nda MDU tələbələri də uğurla təmsil olunurlar.

Qazi Universitetinin 2022/2023-cü tədris ilində MDU-da fəaliyyət göstərmiş qonaq aliminin təqdimatında universitetin akademik heyəti üzvləri, tələbə və magistrantları üçün “Süni intellekt” mövzusunda keçirilən seminar bu sahədə maarifləndirmənin artırılması məqsədi daşımışdır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə MDU və “HTech Invest” MMC-nin nəzdindəki “SİMBİOZ” İnkubasiya Mərkəzinin birgə layihəsi olan “Startap, Layihə, Hakaton” günləri keçirilmişdir. Layihə regionda startap ekosisteminin inkişafına dəstək, yüksək intellektli və kreativ düşüncəli tələbə gənclərin startap qurmaq bacarıqlarının artırılmasına töhfə məqsədi daşımışdır. Bundan əlavə, Agentliyin dəstəyi ilə keçirilən regionlarda startap ekosistemi üzrə “INNOSTART” maarifləndirmə proqramı çərçivəsində MDU-da görüşlər və təqdimatlar təşkil olunmuşdur.

“Hirş indeksi və onun tətbiqi”, “Elmi məqalələrə qoyulan tələblər”, “Elmi məqaləni necə yazmalı?”, “Plagiatçılıq və onunla mübarizə” və “Elmi məqalənin yazılması: Türkiyə universitetlərinin təcrübəsi” mövzusundaMDU-da keçirilmiş silsiləvi seminarlar akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının artırılmasına xidmət etmişdir.

Eləcə də, 2022/2023-cü tədris ilinin əvvəlində MDU-da iki fərqli birhəftəlik “Tyutor xidməti” təlimlərinin təşkili təhsil prosesinə cəlb olunan tyutorların bilik, bacarıq və səriştələrinin artırılmasına hədəflənmişdir.

MDU-da keçirilən karyera planlaması, xarici dil, rəqəmsal, sahibkarlıq və “yumşaq” bacarıqlarla bağlı təlimlər, xaricdə təhsil, könüllülük və startap fəaliyyətləri ilə bağlı infosessiyalar tələbələrin əmək bazarında və sözügedən istiqamətlərdə hazırlıq səviyyəsinin yüksəldilməsinə hədəflənmişdir.

“Heydər Əliyev xatirələrdə” layihəsi

 2023-cü ilin mayında MDU-nun “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihənin açılışı olmuşdur. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği istiqamətində görülən işlərə töhfə məqsədi daşıyan layihədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlərin təşkili nəzərdə tutulmuşdur. Hesabat dövründə layihə çərçivəsində iki görüş keçirilmişdir. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Əməkdar elm xadimi, “Şöhrət” ordenli Şahlar Əsgərovun iştirakı ilə keçirilən hər iki görüş maraqla qarşılanmışdır.

Sosialyönümlü fəaliyyətlərin genişləndirilməsi

 Cəmiyyətə faydalı sosial xidmətlər göstərmək MDU-nun əsas missiyalarından hesab olunur. Bununla əlaqədar olaraq, MDU-da sosialyönümlü fəaliyyətlər davamlı surətdə genişləndirilir.

Sosialyönümlü tədbirlərin əsas istiqamətlərindən biri olaraq məzunların işə düzəlməsinə müvafiq dəstəyin göstərilməsinə MDU-da xüsusi önəm verilir. Hesabat dövründə universitetin birbaşa dəstəyi ilə 40-dan artıq məzun işə qəbul edilmişdir.

Bununla yanaşı, MDU regionda həyata keçirilən müxtəlif sosialyönümlü layihələrdə və könüllülük fəaliyyətlərində aktiv təmsil olunmuşdur.

Hesabat dövründə MDU və “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. MDU rektorunun Bakıda Autizm Mərkəzinə ziyarəti zamanı imzalanan sözügedən Memorandum müvafiq sahədə çoxşaxəli birgə fəaliyyətləri ehtiva etmişdir. Əməkdaşlıq çərçivəsində hesabat dövründə MDU-da professor-müəllim heyəti, tələbə və magistrantların, eləcə də bölgədə yaşayan autizmli uşaqlar və onların valideynlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Bundan əlavə, universitetin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan tələbələri Mingəçevirdə Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət etmişlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətdə tətbiq edilən fərdi davranış qaydaları ilə praktiki surətdə tanış olan tələbələr onlarla birlikdə əyləncəli formatda müvafiq tədris tapşırıqlarını yerinə yetirməklə öz dəstəklərini ifadə etmişlər.

Həmçinin, MDU kollektivi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən qanvermə aksiyalarında fəal iştirak etmişdir. Eyni zamanda, MDU əməkdaşları qardaş Türkiyədə baş vermiş faciəvi zəlzələ ilə əlaqədar olaraq respublikamızda həyata keçirilmiş dəstək tədbirlərinə fəal qoşulmuşdur.

Habelə, sosialyönümlü fəaliyyətlər çərçivəsində aktual sosial mövzularda maarifləndirici tədbirlərin təşkili mühüm əhəmiyyət kəsb etmişdir. Hesabat dövründə   iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, biomüxtəlifliyin qorunması, gender problemləri, yanğın təhlükəsizliyi, su və ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, narkomaniya ilə mübarizə, məişət zorakılığı, icbari tibbi sığorta, təhsil tələbə krediti, məşğulluq, mediasiya, insan hüquqları, urbanizasiya, yol hərəkəti qaydaları və digər məsələlərlə bağlı keçirilmiş maarifləndirici seminarlar və görüşlər gənclərin sözügedən mövzularda məlumatlılıq səviyyəsinin və dünyagörüşlərinin artırılmasına xidmət etmişdir.

Vətənpərvərlik məzmununun prioritetliyi

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini təmin edən ali təhsil mühitinin inkişafına MDU-da prioritet əhəmiyyət verilir. Hesabat dövründə universitetdə ali təhsil mühitinin vətənpərvərlik məzmununun daha da gücləndirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. Bu istiqamətdə fəaliyyətlərin icrası və koordinasiyasında MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi əhəmiyyətli rol oynamışdır. MDU-da Anım Gününə, Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli-mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən çoxsaylı tədbirlər, o cümlədən konfranslar, seminarlar, “dəyirmi masa”lar, mühazirələr və film təqdimatları keçirilmişdir. Universitetin şəhid məzunlarının ailələri mütəmadi ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri yad edilmiş, qazi məzunlarla, Vətən müharibəsi iştirakçısı olan tələbə və əməkdaşlarla görüşlər təşkil olunmuşdur. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində MDU-nun 5 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu şəhidlik zirvəsinə ucalmışdır. MDU-nun 1 məzunu isə 2022-ci ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuşdur.

Tələbə həyatının çoxşaxəliliyi və nailiyyətlər

MDU-da çoxşaxəli və rəngarəng tələbə həyatını özündə ehtiva edən tələbəyönümlü ali təhsil mühiti təhsil alanların hərtərəfli inkişafı və liderlik keyfiyyətlərinin artırılmasına hədəflənmişdir.Tələbə təşkilatları və klublarının işində, universitet idarəçiliyi, startap və könüllülük fəaliyyətlərində, elmi konfranslarda, vətənpərvərlik məzmunlu tədbirlərdə, müvafiq təbliğat və maarifləndirmə işlərində, iməciliklərdə, müxtəlif bilik, yaradıcılıq, idman müsabiqələri və yarışlarında fəal təmsil olunan MDU tələbələri hesabat dövründə də bir çox nailiyyətlərə imza atmaqla universiteti layiqincə təmsil etmişlər.

MDU tələbəsi Bəxtiyar Mehdiyev 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində keçirilmiş Alpaqut üzrə Dünya Çempionatında birincilik əldə edərək dünya çempionu adını qazanmışdır. Həmçinin, 2023-cü ildə o, Alpaqut Turan döyüş sənəti üzrə 1-ci dan qara kəmərə layiq görülmüşdür.

2022-ci ilin noyabrın 12-də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında MDU-nun tələbələrdən ibarət komandası 13-cü yerdə qərarlaşmışdır.Eləcə də, Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalında MDU tələbəsi Türkan Qaffarova 2-ci yerə layiq görülmüşdür.

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”nda MDU tələbəsi Hikmət Qaffarov “Dövlət qurumlarında Könüllülük” nominasiyası üzrə “İlin könüllüsü” mükafatı ilə təltif edilmişdir.

Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində MDU-nun 3 tələbəsi və 1 magistrantı tərəfindən təqdim edilən 4 layihə qalib olmuşdur. Eləcə də, Gənclər Fondu tərəfindən sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclər üçün elan edilən müsabiqənin nəticələrinə əsasən 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə təhsil xərci qarşılanan 431 nəfər arasında MDU-nun 23 tələbəsi yer almışdır.

İnnovasiyalar Mərkəzi tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsində iştirak edən MDU tələbələrinin iki startap layihəsi finala yüksəlmişdir.

Ukrayna Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və UNESCO üzrə Ukrayna Milli Komissiyasının himayəsi ilə keçirilən “Sahibkarlıq, ticarət və birja fəaliyyəti” ixtisası üzrə Beynəlxalq Tələbə Elmi İşi Müsabiqəsində MDU uğurla təmsil olunmuşdur. MDU-nun magistrantı Turan Eyvazlının həmmüəlliflik etdiyi “Kənd təsərrüfatı müəssisələrində innovasiyalar” adlı elmi iş beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülmüşdür.

Tələbə Basketbol Liqasının 2022/2023-cü il üzrə seçmə mərhələsində MDU-nun tələbə oğlanlardan ibarət basketbol komandası fəal təmsil olunmuş və qrup yarışlarında uğurlu nəticə göstərməklə play-off mərhələsinə yüksələ bilmişdir.

Təhsildə və ictimai işlərdə əldə etdiyi uğurlara görə MDU tələbəsi Fatma Mirzəzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə və fəxri fərmanına layiq görülmüşdür.

Mingəçevirin “Gənclər paytaxtı” seçilməsi

 2023-cü il üçün Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsi mingəçevirli gənclər, o cümlədən onların fəal hissəsinin təmsilçilərindən olan MDU-nun gənc əməkdaşları, tələbə və magistrantlarının inkişafı və potensiallarının reallaşdırılması üçün geniş imkanlar yaradır. Universitetin tələbə və müəllim kollektivi üzvləri şəhər tədbirlərində fəal iştirak etməklə bu imkanlardan maksimum faydalanmağa çalışırlar.

Hesabat dövründə gənclər və idman naziri Fərid Qayıbov MDU-nu iki dəfə ziyarət etmişdir. 2022-ci ilin noyabrın 23-də nazir “Gənclərlə dialoq platforması” çərçivəsində MDU-da görüş keçirərək regionun tələbə gənclərinə dəstəyini ifadə etmişdir. Bundan əlavə, 2023-cü ilin iyunun 9-da MDU-da “Məzun Günü – 2023” tədbirinə qatılan F.Qayıbov gənc məzunları təbrik edərək onlara tövsiyələrini vermişdir.

(ardı var)

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru