Gənclər Fondu fiziki şəxslər və gənclər təşkilatları üçün “Rəqəmsal” mövzulu qrant müsabiqəsi ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə infosessiya keçirilib. İnfosessiyada MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak edib.
MDU-nun Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev qonaqları salamlayaraq iştirakçılara infosessiyanın önəmindən danışıb.
Daha sonra Azərbaycan Gənclər Fondunun əməkdaşı Ayxan Allahverdiyev müsabiqənin məqsədinin gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdan ibarət olduğunu bildirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.