2024-cü ilin martın 6-da Mingəçevir Dövlət Universiteti (MDU) Latviyada RISEBA Tətbiqi Elmlər Universitetinin (RISEBA University of Applied Sciences) təşkilatçılığı və evsahibliyi ilə keçirilən “FutureScape 2024: Bridging nations for sustainable development of societies” (Gələcəyin mənzərəsi 2024: cəmiyyətlərin dayanıqlı inkişafı naminə xalqlar arasında körpü)” mövzusunda keçirilən beynəlxalq elmi konfransa tərəfdaşlıq edib. Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Litvanın Vytautas Magnus Universiteti (VMU), Almaniyanın Kaiserslautern Tətbiqi Elmlər Universiteti və Çex Respublikasının Škoda Auto Universiteti də beynəlxalq konfransın tərəfdaşları sırasında yer alıb. Hibrid formatda təşkil edilən beynəlxalq konfransda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, tədqiqatçılar və ekspertlər iştirak ediblər.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, RISEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka və prorektoru İrina Sennikova çıxış ediblər. Açılış nitqlərində konfransın aktual mövzuya həsr olunduğu vurğulanıb, elmi tədbir dayanıqlı inkişaf sahəsində məhsuldar elmi müzakirələrin təşkili və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.
Sonra konfrans elmi məruzələrlə işinə davam edib. Konfransda yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, əmək bazarı və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
MDU-nun rektoru Şahin Bayramovun “Dayanıqlı inkişaf: konseptual mahiyyəti, reallıqlar və təcrübələr”, AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçerin “Ali təhsil müəssisələrində yaşıl kampus yanaşması: reallıqlar, çağırışlar və həllər” və MDU-nun kafedra müdiri Mehdi Rəhimovun “Dayanıqlı inkişaf və yeni nəslin ehtiyacları kontekstində modern kurrikulum hazırlığı” adlı məruzələri maraqla qarşılanıb.
Qeyd edək ki, Latviyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan RISEBA Tətbiqi Elmlər Universiteti MDU-nun əsas tərəfdaşlarından biridir. Erasmus+ proqramı çərçivəsində universitetlər arasında yaradılan əməkdaşlıq hazırda davam etdirilir. Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məqsədilə akademik və inzibati heyət üzvlərinin qarşılıqlı səfərləri təşkil edilib. Cari ilin martın 4-də Latviyada hər iki ali təhsil müəssisəsinin rektorlarının iştirakı ilə universitetlər arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən beynəlxalq elmi konfransa tərəfdaşlıq Memorandum çərçivəsində həyata keçirilib.