Aprelin 20-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında 2023-cü il üzrə birgə Tədbirlər Planı imzalanıb. İmzalanma mərasimində MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov iştirak edib.
Bildirilib ki, hazırda müasirləşməkdə olan MDU-nun Mingəçevir şəhərinin və ətraf regionun hərtərəfli inkişafında rolunun artırılması əsas prioritetlərdəndir. Bu kontekstdə, regional ekosistemin gücləndirilməsi məqsədilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) və bu İdarənin tabeliyində olan təhsil müəssisələri ilə MDU-nun qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. “Heydər Əliyev İli” çərçivəsində iki qurum arasında cari ildə razılaşdırılmış birgə fəaliyyətləri əks etdirən sözügedən Tədbirlər Planı da məhz regionda təhsilin və insan kapitalının inkişafına töhfə verilməsinə, eləcə də mövcud əməkdaşlığın səmərəliliyinin artırılmasına hədəflənib.
Qarşılıqlı maraq doğuran müvafiq istiqamətlərdə çoxsaylı birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair dəyirmi masaları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və sair tədbirləri özündə ehtiva edir. Tədbirlər Planı çərçivəsində təqdim olunan imkanlardan MDU əməkdaşları və tələbələri, Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə inzibati-pedaqoji heyəti və şagirdləri faydalana biləcəklər.
Qeyd edək ki, MDU, Mərkəzi Aran RTİ və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 2023-cü ilin aprelin 20-də keçirilən “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans imzalanmış Tədbirlər Planı çərçivəsində uğurla reallaşdırılan ilk tədbir olub.