Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının gənc müəllimi Xəyalə Hüseynzadə Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasında radiasiya mövzusunda elmi-tədqiqat aparmaq üçün dəvət alıb.
Bununla bağlı 2024-cü il aprelin 8-də MDU-nun rektoru Şahin Bayramov X.Hüseynzadə ilə görüşüb, ona elmi-tədqiqat səfərində uğurlar arzulayıb. Rektor gənc tədqiqatçının sözügedən laboratoriyada məhsuldar fəaliyyət göstərəcəyinə, həmçinin bu tədqiqatın onun bir mütəxəssis kimi daha yaxşı yetişməsinə və gələcək karyerasına müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Eyni zamanda Ş.Bayramov göstərilən dəstəyə görə akademik Arif Həşimova təşəkkürünü çatdırıb.
Qeyd edək ki, MDU-nun elmi potensialının gücləndirilməsi və əməkdaşların elmi-tədqiqat fəaliyyətinə davamlı dəstək göstərilməsi əsas prioritetlərimizdəndir.