Mingəçevir Dövlət Universitetinin (MDU) ˝Riyaziyyat və informatika müəllimliyi˝ ixtisası üzrə təhsil alan beşinci kurs tələbələri pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Riyaziyyat gecəsi” adlı tədbir keçirib. Tədbirdə MDU-nun və məktəbin müəllimləri, tələbələr, şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun Riyaziyyat kafedrasının müdiri Rövşən Babayev, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva riyaziyyat fənninin əhəmiyyətindən danışıblar. Onlar tədbirin keçirilməsinin əsas məqsədinin şagirdlərə riyaziyyatın inkişaf tarixinin yaranmasında Azərbaycan alimlərinin rolunu göstərmək, riyaziyyatın bütün sahələrdə önəmini çatdırmaq, məşhurların riyaziyyat haqqında dedikləri kəlamlarla tanış olmaq, riyaziyyatın təkcə elm sahəsində yox, məntiq və maraqlı tapmacalarda da özünü göstərməsini aşılamaq olduğunu bildiriblər. Çıxış edənlər riyaziyyatçı tələbələrə və şagirdlərə uğurlar diləyib, onların riyaziyyat fənni ilə bağlı atdıqları addımı alqışlayıb və tədbirin təşkilatçılarına öz təşəkkürlərini çatdırıbıar.
Riyaziyyat kafedrasının müəllimi Sabir Babışovun köməkliyi ilə Rİ19.2 qrup tələbələrinin şagirdlərlə birlikdə hazırladıqları riyaziyyat gecəsində riyaziyyat elmindən bəhs edən məruzələr dinlənilib. MDU-nun müəllimi Mehman Rəsulov “Azərbaycanlı riyaziyyatçı qadın Maya Hacıyeva haqqında xatirələr”, MDU-nun Rİ19.2 qrupunun tələbələrindən Arzu Ağayeva “Dahilərin ikinci peşəsi”, Pərvanə Məmmədova “Riyaziyyat sahəsində öz yaratdıqları nəzəriyyə, kəşf və əsərləri ilə dünya elminə yeniliklər gətirən azərbaycanlı riyaziyyatçılar” və Yunis Səmədov “Herron düsturunun isbatı” adlı mövzularda çıxış ediblər.
Tədbirin davamında məktəblilərin təqdim etdikləri səhnəciklər, musiqi nömrələri, şeirlər, viktorinalar riyaziyyat gecəsinə xüsusi maraq qatıb. Keçirilən müsabiqənin sonunda şagirdlərə diplom və sertifikatlar təqdim edilib.