Bakı, 18 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 31 il ötür. 1991-ci ilin 18 oktyabr tarixində 70 illik sovet istilasından sonra ölkəmiz ikinci dəfə milli müstəqilliyinə qovuşdu. Ötən əsrin 90-cı illərində dünyada və regionda yaranmış qeyri-müəyyən və ziddiyyətli geosiyasi tarixi şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qorumaq heç də asan olmamışdı. Həmin dövrdə ölkəmizdə hökm sürən müharibə, xaos, anarxiya, siyasi və iqtisadi böhran ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru şahin Bayramov deyib.
O bildirib ki, məhz belə bir çətin və taleyüklü vəziyyətdə xalqımızın səsinə səs verərək hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və böyük xilaskarlıq missiyası sayəsində dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, onu əbədi və dönməz etmək mümkün oldu. Xoşbəxt xalqıq ki, bu gün də Ulu Öndərin dediyi məşhur kəlamı qürurla xatırlaya bilirik: “Biz azadıq, biz müstəqilik, biz sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik”.
Eləcə də, “Bundan sonra Azərbaycan heç kimdən asılı olmayacaq, heç kəsin vassalı olmayacaq, ancaq özü öz taleyini həll edəcək, gələcəyini həll edəcək, müstəqil, sərbəst olacaq” sözləri ilə dahi şəxsiyyətin ifadə etdiyi tarixi əminlik və uzaqgörənlik hazırda onun layiqli siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində tamamilə özünü doğruldub.
“Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir. Müstəqil və suveren dövlət kimi hərtərəfli, dayanıqlı və dinamik surətdə inkişaf edən Azərbaycan əldə edilən möhtəşəm qələbələrlə beynəlxalq nüfuzunu xeyli dərəcədə artırıb. Azərbaycan yeni geosiyasi reallıqlar yaradan nüfuzlu beynəlxalq aktora, müstəqillik tarixində heç zaman olmadığı qədər qüdrətli və qalib dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər müstəqilliyimizin təməllərini daha da gücləndirib”, – deyən rektor vurğulayıb.
Bu gün artıq ikinci ildir ki, Müstəqilliyin Bərpası Gününü ərazi bütövlüyünü təmin etmiş qalib xalqın nümayəndəsi olaraq sonsuz fəxarət və sevinc hissləri ilə qeyd etdiyimizi söyləyən Ş.Bayramov deyib: “Bu qürurverici anları xalqımıza bəxş edən, doğma torpaqlarımızı işğaldan azad edən və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızı ucaldan qəhrəman şəhidlərimizi hər zaman dərin ehtiram və minnətdarlıqla anırıq. Otuz illik yurd həsrətinə son qoyan haqq savaşında tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətin bərpa edilməsi, müharibədən sonra uzun müddət erməni vandalizminə məruz qalmış əzəli torpaqlarımızda sürətli və irimiqyaslı quruculuq işlərinin aparılması, qlobal arenada böyük diplomatik uğurların əldə edilməsi müstəqilliyimizin daha da güclənməsinə misilsiz töhfələr verir. Var olsun müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandan!”.