Bu gün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. Mövcudluğunu cəmi 23 ay qoruyub saxlaya bilsə də, Vətən tariximizin ən şanlı səhifələrindən olan müstəqillik illərində görülən işlər, o cümlədən xarici və daxili siyasət, elm, təhsil, mədəniyyət sahəsində atılan addımlar dövlət quruculuğu baxımından mühüm əhəmiyyət kəsb etmiş, müasir və qüdrətli Azərbaycanın yaranmasına zəmin hazırlamışdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.
Rektor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan çıxarılan dərsləri ümummilli lider Heydər Əliyevin kəlamını xatırlamadan dəyərləndirmək mümkün deyil: “Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur”. Bu fikirlər XX əsrin sonlarında müstəqilliyimizin bərpasından sonra baş verən proseslərdə də öz əksini və təsdiqini tapmışdır. Məhz müstəqil Azərbaycanı ikinci dəfə məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyət Heydər Əliyevin misilsiz öndərliyi sayəsində xalqımız əbədi müstəqilliyinə qovuşdu.
Hazırda Ulu Öndərin müəyyən etdiyi siyasi kurs onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü təmin edən və bölgədə yeni geosiyasi reallıqlar yaradan qalib dövlət kimi Azərbaycanın müstəqilliyi və suverenliyi daha da güclənib.
“Bu gün Müstəqillik Gününü Şuşada və işğaldan azad olunmuş digər torpaqlarımızda bayram etməyimiz müstəqil olmağın real məzmununu və əsl mahiyyətini daha konkret nümayiş etdirir. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizi, o cümlədən Mingəçevir Dövlət Universitetinin beş şəhid məzununu Müstəqillik Günündə dərin hörmət və böyük ehtiramla anırıq. Qazanılmış tarixi Zəfərin fonunda Müstəqillik Gününün qürurunu yaşadığımıza görə onlara borcluyuq”, – deyə Ş.Bayramov qeyd edib.