Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Bəxtiyar Mehdiyev Savate (fransız boksu) idman növü üzrə Azərbaycan birinciliyinin qalibi olub.
Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov tələbə B.Mehdiyevi təbrik edib, universiteti və Mingəçeviri layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib və yeni-yeni nailiyyətlər arzulayıb.
B.Mehdiyev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və uğurlarının davamlı olması üçün daima çalışacağını bildirib.
Qeyd edək ki, yarışda ölkənin ayrı-ayrı rayon və şəhərlərindən olan müxtəlif çəki dərəcələri üzrə 300-dən çox idmançı iştirak edib. B.Mehdiyev 60 kq çəki dərəcəsində yarışda birincilik qazanaraq Gənclər və İdman Nazirliyinin müvafiq diplomu ilə təltif olunub.