2023-cü ilin martın 2-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Seminarın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov çıxış edib. Qeyd edib ki, ulu öndər Heydər Əiyevin müəllifi olduğu Azərbaycanın iqtisadi inkişaf modelində əhalinin sosial maraqlarının təminatı prinsipinə hər zaman prioritet əhəmiyyət verilib. Ölkədə aparılan siyasətin mərkəzində məhz insan amilinin, vətəndaşların sosial rifahının davamlı yaxşılaşdırılmasının dayandığını vurğulayan V.Əyyubov Ümummilli Liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda sosial islahatlar proqramının uğurla icra olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, sosial siyasətin müxtəlif aspektlərinin tədqiqi universitetin əsas elmi fəaliyyət istiqamətlərindən birini təşkil edir və hazırki seminar sözügedən mövzuda fakültənin akademik heyət üzvləri tərəfindən aparılmış elmi araşdırmaların nəticələrinin təqdimatı və müzakirəsi məqsədi daşıyır.
Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun əməkdaşlarından Arif Kələşov “Azərbaycan dövlətinin sosial siyasətinin reallaşdırılmasında ölkənin maliyyə potensialının rolu”, Yeganə Məmmədli “Əhalinin sosial müdafiəsi və sosial sığorta sisteminin təkmilləşdirilməsi istiqamətləri”, Zaur Rəsulov “Azərbaycanda sosial təminat sistemi – mövcud vəziyyət və inkişaf perspektivləri”, Nuranə Abbasova-Zeynalova “Azərbaycanda əməyin ödənilməsi sistemi”, Günəş Şəfaqətov “Azərbaycanda minimum sosial standartlar və onun reallaşdırılması imkanları” və Dövlət Sosial Müdafiə Fondu 3 saylı Aran Regional filialının baş mütəxəssissi Azər Qasımov “Dövlətin sosial siyasətinin reallaşdırılmasında yerli icra orqanlarının rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.