2023-cü il martın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ekologiya mühəndisliyinin müasir problemləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Seminarın açılışında Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və MDU-nun Fizika və ekologiya kafedrasının müdir əvəzi Təranə Yusibova çıxış edərək elmi tədbirin mövzusunun aktuallığını vurğulayıblar və iştirakçılara uğurlar arzulayıblar. Açılış nitqlərində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən və ekologiya mühəndisliyinin inkişafından bəhs edilib. Qeyd edilib ki, hazırda Ulu Öndərin davamlı inkişaf prinsipləri əsasında müəyyən etdiyi ekologiya siyasəti ölkəmizdə uğurla davam etdirilir.
Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Fizika və ekologiya kafedrasının əməkdaşlarından Məhyəddin Mehdiyev “Buxarlanma istiliyinin hesablanmasında yeni empirik üsul”, Vüsalə Mustafayeva “Azərbaycan Respublikasında meliorasiyanın problemləri və gələcək perspektivləri”, Ekologiya mühəndisliyi ixtisası üzrə magistrant Aysel Bayramova “Bionika – bioloji cəhətdən ilhamlanmış mühəndislik” və tələbə Türkan Hacızadə “Yaşıl hidrogendən istifadənin əsas imkanları” mövzusunda məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.