2023-cü il mayın 19-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. MDU-nun evsahibliyi ilə keçirilən seminarda Mingəçevir şəhərinin ümumi təhsil məktəblərinin direktorları və universitetin professor-müəllim heyəti üzvləri iştirak edib.
Seminar iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova ümummilli liderin müasir Azərbaycanı möhkəm təməllər üzərində quraraq və onun davamlı inkişafı üçün etibarlı zəmin formalaşdıraraq xalqımız üçün zəngin dövlətçilik irsi miras qoyduğunu qeyd ediblər. Bildiriblər ki, Ulu Öndər çoxşaxəli fəaliyyətində təhsilin inkişafına hər zaman böyük önəm verib, gələcək nəslin yetişdirilməsi və hərtərəfli inkişafına yüksək diqqət və qayğı ilə yanaşıb. Vaxtilə uzaqgörən tarixi şəxsiyyətin müvafiq tapşırıqları əsasında müxtəlif ölkələrin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilən gənclərin müstəqillik dövründə ölkə iqtisadiyyatının bir çox sahələrinin inkişafına töhfə verməsi əbədiyaşar liderin zəngin dövlətçilik irsinin əsas istiqamətlərindən birini təşkil edir. Milli maraqların, milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideologiyasının prioritetlik təşkil etdiyi və xalqımızın milli sərvətinə çevrilən bu zəngin və çoxşaxəli dövlətçilik irsinin öyrənilməsi və təbliği əsas və şərəfli vəzifələrdən hesab edilir. Diqqətə çatdırılıb ki, “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı da məhz Ulu Öndərin irsinin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur və hazırki seminar bu məqsədə xidmət edir.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU əməkdaşlarından Namaz Manafov “Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri”, Flora Namazova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzələrlə çıxış ediblər.
Təqdim olunan məruzələr maraqla qarşılanıb.
Qeyd edək ki, Mingəçevirdə və MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçirilir. Sözügedən seminar 2023-cü il aprelin 20-də MDU ilə Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilib. Tədbirlər Planı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair dəyirmi masaları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və sair tədbirləri özündə ehtiva edir. Tədbirlər Planı çərçivəsində təqdim olunan imkanlardan MDU əməkdaşları və tələbələri, Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə inzibati-pedaqoji heyəti və şagirdləri faydalana biləcəklər.