2022-ci ilin 3 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilən “Tarixin, mədəniyyətin, qəhrəmanlığın, zəfərin simvolu – Şuşa!” mövzusunda dəyirmi masa keçirilib. Mingəçevir Tarix Muzeyində təşkil edilən dəyirmi masada MDU-nun Təhsil fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tədbirdə giriş sözü ilə çıxış edib. Bildirib ki, mədəniyyətimizin beşiyi və Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi ilə tarixi Zəfərin qazanılması Azərbaycanın bu qədim şəhərini həm də qəhrəmanlığın və qələbənin rəmzinə çevirdi. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir daha doğma yurdun tarixi, mədəni və strateji əhəmiyyətindən xəbər verir, şəhərin sürətlə dirçəldilməsinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. “Şuşa İli” çərçivəsində MDU-da çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran E.Cəfərova Şuşanın əsrarəngiz təbiətinin, zəngin tarixi və mədəni irsinin tanıdılması və gənc nəsil arasında təbliğinin vacibliyindən bəhs edib və tədbirin önəmini vurğulayıb.
Sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirovanın moderatorluğu ilə məruzələr dinlənilib. MDU-nun müəllimi Vüsalə Mövlayeva “Böyük Zəfərin tarixi fəlsəfi dərki”, tələbələrdən Səma Süleymanova “Qarabağın tarixi siyasi coğrafiyası”, Aysel Məmmədova “Qarabağ xanlığı”, Nurcan Vəliyeva “Müstəmləkə siyasətinin Şimali Azərbaycanda ağır sosial-siyasi şərtləri”, Hikmət Qaffarov “Tarixi qələbə- Zəfər Günü”, İlahə İbrahimova “Şuşa ili”, Sevinc Cabbarlı “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir”, Nurçin Məcidova “Şuşa ədəbi mühitinin ədəbiyyatımıza gətirdiyi yeniliklər”, Rəvan Məmmədsanlı “Şuşa böyük tarixi abidədir”, Sevda Cəfərova “Qarabağın turizm potensialı” və Əli Abbasov “Qarabağın sosial-iqtisadi inkişafı” mövzusunda məruzələrlə çıxışlar ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.