2025-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təminatı və müdafiə üsulları” mövzusunda elmi-praktik seminar keçirilib.
Universitetin ikinci tədris binasının kiçik akt zalında təşkil edilən seminarda MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev seminarın əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər hüquqi maariflənmənin artırılması, insan hüquqları sahəsində biliklərin dərinləşdirilməsi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması baxımından xüsusi önəm daşıyır. O, ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən sistemli və davamlı islahatlara diqqət çəkərək, bu islahatların beynəlxalq hüquq normalarına uyğun şəkildə aparıldığını vurğulayıb. V.Mustafayev bu tədbirin tələbə və gənclərin hüquqi biliklərinin artırılması baxımından faydalı olacağına əminliyini ifadə edib və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra seminar iştirakçılarına insan hüquq və azadlıqlarına dair maarifləndirici videoçarx təqdim olunub.
Ardınca tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “İnsan və vətəndaşın əsas hüquq və azadlıqları, onlara dövlət təminatı”, müəllim Şəlalə Quliyeva “Azərbaycan multikulturalizmi və insan hüquqları modeli”, tələbələrdən Murad Əmirbəyov “Konstutusiyamız milli etnosların hüquq və azadlıqlarının təminatının qarantıdır” və Aslan Yunusov “Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dövlət qayğısı” mövzusunda məruzələrlə çıxışlar ediblər.
Seminar interaktiv müzakirələrlə davam edib. Tələbələrin hüquqi sualları cavablandırılıb, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.