2024-cü ilin 23 sentyabrında Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Hotel və mehmanxana işinin təşkili” mövzusunda seminar keçirilib. Seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib.
İlk olaraq Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev idarə haqqında geniş məlumat verib. Bildirib ki, Mingəçevir Regional Turizm İdarəsi, Azərbaycanın Mingəçevir şəhərində yerləşən, ölkənin turizm potensialının inkişafına və tanıdılmasına yönəlmiş bir dövlət qurumudur. Bu idarə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tərkibində fəaliyyət göstərir və əsas məqsədi regionun turizm sektorunun inkişafını təmin etməkdir. Həmçinin turizm idarəsi regionda turizm infrastrukturunun təkmilləşdirilməsi, turistlər üçün rahat şəraitin yaradılması və regionun turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması ilə məşğul olur.
Sonra Mingəçevir Regional Turizm İdarəsinin əməkdaşı Toğrul Abbaszadə “Hotel və mehmanxana işinin təşkili” mövzusunda təqdimatla çıxış edib. O, hotel və mehmanxana işinin təşkilinin turizm sənayesinin ən vacib sahələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, müasir dövrdə turizmin inkişafı, qlobal səyahətlərin artması və insanların daha çox müxtəlif məkanları kəşf etmək istəyi otel sənayesini də sürətlə inkişaf etdirib. Bu sahənin uğurlu olması üçün düzgün təşkilatçılıq, yüksək xidmət standartları və qonaqpərvərlik əsas rol oynayır. Bu səbəbdən seminarın mövzusunda hotel və mehmanxana işinin təşkili prinsipləri, idarəetmə, personal hazırlığı və müştəri məmnuniyyətinin təmin olunması məsələləri yer alıb.
Seminar müddətində tələbələr qruplar şəklində bölünərək, müəyyən fikirlərlərlə çıxış ediblər. Sonda tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.