2023-cü ilin oktyabrın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “STEM tədrisində Riyaziyyatın fəndaxili və fənlərarası inteqrasiyası” mövzusunda açıq dərs keçirilib. Universitetin Riyaziyyat kafedrasının müdiri Rövşən Babayevin təqdimatında keçən açıq dərsdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.
Açıq dərsdə Riyaziyyat fənninin şagirdlər və tələbələr tərəfindən daha asan və həvəslə mənimsənilməsində fəndaxili və fənlərarası inteqrasiyanın, eləcə də interaktiv tədrisin üstünlüklərindən bəhs edilib və praktiki olaraq bir neçə dərs nümunələri təqdim edilib.
Sonra maraqla qarşılanan mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Açıq dərsdə fəallıq göstərən tələbələrə hədiyyələr təqdim olunub.