MDU-da statistik məlumatların toplanması, emalı və yayılmasına dair seminar keçirilib

  • Post category:Sənaye

2024-cü il mayın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) “Statistika sahəsində milli təcrübə: statistik məlumatların toplanması, emalı və yayılması” mövzusunda seminar keçirilib. Sənayenin təşkili və idarəetmə kafedrasının təşkil etdiyi seminarda Mingəçevir şəhər Statistika idarəsinin rəhbəri, MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Giriş sözü ilə çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli ölkəmizdə statistika sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib. 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından bəhs edən dekan statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinin və dünya statistika sisteminə inteqrasiyasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.  

Sonra Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynovanın moderatorluğu ilə mövzu ilə bağlı məruzələr dinlənilib.

Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov “Statistik hesablamaların onlayn təqdimatı və icmalı” mövzusunda çıxış edərək, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi informasiya texnologiyalarının imkanlarından bəhs edib. Bildirib ki, bu imkanlardan istifadə etməklə respondentlərin işi asanlaşır, onların üzərinə düşən informasiya yükü, hesabat formasının tərtibinə və onun yerli statistika orqanlarına təqdim olunmasına sərf edilən vaxt azalır. Eyni zamanda statistik məlumatların etibarlılığı və şəffaflığı artır.

MDU-nun müəllimləri Təranə Süleymanova “Statistik göstəricilərin hesablanmasının əhəmiyyəti və zəruruliyi” və Saqib Məmmədov “XXI əsr insanı üçün statistik düşüncə zərurəti – verilənlərlə (“data” ilə) işləmək” adlı məruzələri təqdim ediblər. Bildiriblər ki, mövcud vəziyyətin, xüsusilə statistika sisteminin idarə olunması üçün tətbiq olunan hüquqi və institusional alətlərin qiymətləndirilməsi, statistik məlumatların toplanması, emalı və yayılmasında istifadə edilən metod və prosedurların beynəlxalq standartlara uyğunluq səviyyəsinin ölçülməsi üçün müxtəlif vasitələrdən istifadə edilir.

Seminar müzakirələrlə davam edib.