Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət
məsələlərinə həsr olunmuş konfrans keçirilib
25 iyun 2019-cu il tarixd’ Tbilisidə “Şərq Tərəfdaşlığı” çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycanın Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.
Konfransda Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa Komissarı Tibor Navracsics, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, müasir dövrdə cəmiyyətin inkişafında təhsilin, mədəniyyətin rolunu xüsusi qeyd ediblər.
Konfransda təhsil və mədəniyyətlə bağlı müasir dövrün tələbləri, təhsil sahəsində islahatların aparılması, milli mənəvi dəyərlərin təbliği, qorunması və bu kimi digər məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Firudin Qurbanov panel iclasda çıxış edərək Azərbaycanda təhsilin inkişafı, bu sahədə qəbul olunmuş dövlət proqramlarından danışıb. Nazir müavini, həmçinin Azərbaycanın multikultural ənənələrindən, ölkəmizdə milli və mədəni dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs edib. Azərbaycanda təhsilin infrastrukturunun yenilənməsi ilə bağlı atılan addımlar barədə məlumat verən Firudin Qurbanov bildirib ki, ölkə üzrə orta təhsil müəssisələrinin 70 faizdən çoxunun müasir tələblərə uyğun yenidən qurulub.
Ölkəmizdə gənc nəslin tərbiyəsi, təhsil sistemində tətbiq olunan yeni standartlar, multikulturalizmin tədris olunmasının verdiyi müsbət nəticələr barədə məlumatlar konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Müzakirələr zamanı nazir müavini Şərq Tərəfdaşlığına üzv ölkələrdə Avropa Təhsil Məkanı konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər və bu problemlərin həlli yolları ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Konfransda digər ölkələrin nümayəndələri də çıxış edərək öz ölkələrində təhsil sahəsində mövcud olan problemlər və yeniliklər barədə məlumat veriblər.
Qeyd edək ki, konfransda Mingəçevir Dövlət Universitetini Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova təmsil edib.
{phocagallery view=category|categoryid=168|limitstart=0|limitcount=0}