Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdəndir. Bu səbəbdən təhsil standartlarının tələblərinə uyğun olaraq, buraxılış kurs tələbələri üçün tədris və istehsalat təcrübələrinin təşkilinə xüsusi diqqət yetirilir. Hazırda tələbələr şəhərin aparıcı və innovasiyalı müəssisələrində əldə etdikləri təcrübə ilə əmək bazarına hazırlıq mərhələsini keçirlər.
MDU tələbələrinin istehsalat təcrübəsi keçdikləri müəssisələrdən biri Mingəçevir “ASAN Xidmət” Mərkəzidir. 2024-cü il fevralın 16-dan başlayaraq MDU-nun “İqtisadiyyat” və “Menecment” ixtisaslarında təhsil alan İ20 və Mt20 qruplarının tələbələri universitetin müəllimləri Arif Tağıyev və Günel Kərimlinin rəhbərliyi ilə təcrübə keçirlər. Tələbələr Mingəçevir “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Əli Qurbanovun köməkliyi ilə müəssisədəki dövlət qurumlarının fəaliyyəti və strukturu ilə yaxından tanış olublar. Gənclər təcrübə zamanı vətəndaşlara müxtəlif xidmətlər göstərir, müraciət edən şəxslərə müəyyən qaydaların izahını verir, sənədləşdirmə prosesində yardım edirlər. Həmçinin gənclər sorğularda iştirak edərək korporativ mədəniyyəti də mənimsəməyə çalışırlar. Qeyd edək ki, bu təcrübə tələbələrin özlərinə məxsus uğurlu ideya və təşəbbüsləri həyata keçirməyə imkan yaradır.
“ASAN Xidmət”də təcrübə qazananaraq, bilik və bacarıqlarını təkmilləşdirən tələbələr təcrübə üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, burada vətəndaşlarla ünsiyyət, mükəmməl xidmətin əsas amilləri, sənədlərlə iş, elektron xidmətlərdən istifadə sahəsində böyük təcrübələr əldə etdiklərini vurğulayıblar.
Qeyd edək ki, praktiki peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, qazanılmış nəzəri biliklərin tətbiqi, genişləndirilməsi və sistemləşdirilməsi baxımından tələbələrin tədris planının vacib tərkib hissələrindən sayılan təcrübələrin səmərəli təşkili MDU-da hər zaman diqqət mərkəzində saxlanılır.