Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələrin elmi-praktik konfransı keçirilib

  • Post category:MDU xəbərləri

2025-ci ilin 22 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin XIX elmi-praktik konfransı keçirilib. Universitetin akt zalında keçirilən konfransda MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Anar Eminov iştirakçıları salamlayıb, ölkədə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətinə toxunub, tələbələrin elmi potensialının inkişaf etdirilməsi istiqamətində Tələbə Elmi Cəmiyyətinin rolunu vurğulayıb. Tələbə gənclərin elmi-yaradıcılıq istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirən rektor konfransın işinə uğurlar arzulayıb.

Daha sonra, konfransın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilib. MDU-nun tələbələrindən Rəcəb Tanrıverdiyev “Konstitusiyamız suverenliyimizin əsas komponentidir”, Təhsil fakültəsi, Arzu Quliyeva “Suveren dövlətin təhlükəsizlik strategiyasında Konstitusiyanın rolu”, Abbas Qasımov “İldırımlı buludların yaranmasına səbəb olan amillər”, Fərid Mehdiyev “Maliyyə suverenliyinin ölkə iqtisadiyyatının inkişafında rolu”, Nemət Heybətzadə “Uşaq şəxsiyyətinə mənfi təsir göstərən qruplar və onların qarşısının alınması yolları”, Ayşən Abdullayeva “Sənayedə metroloji təminat və süni intellektin inteqrasiyası”, Nərmin Quliyeva “İngilis dili və iş imkanları arasında əlaqəyə ictimai baxış”, Mələkxanım Sultanova “Davamlı turizmin inkişafına ekoturizmin təsiri”, Fidan Hacıyeva “Xarakteristik çoxhədlilərin Leverye üsulu ilə qurulması”, Rəhman Əliyev və Məleykə Mahmudlu “Proqramlaşdırma Startap Ekosistemi: İT və proqramlaşdırmada Startap Ekosistemin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki,  il ərzində MDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.