2023-cü il iyunun 8-də Mingəçevir Dövlət Universitetində (MDU) “26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniyaya qarşı mübarizədə birlikdə olaq!” adlı maarifləndirici tədbir keçirilib. Universitetin Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə dəyirmi masa formatında keçirilən tədbirdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.
Dəyirmi masaya moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icra olunduğunu qeyd edən V.Mustafayev bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsinin əsas məqsədlərdən biri olduğunu diqqətə çatdırıb və dəyirmi masanın önəmini vurğulayıb.
Sonra dəyirmi masanın mövzusuna uyğun olaraq məruzələr dinlənilib. Mingəçevir şəhər narkoloji dispanserin həkimi Zeynəb Balakişiyeva ˝Narkomaniyanın tibbi aspektdən törətdiyi fəsadlar və ona qarşı aparılan mübarizə metodları˝, MDU-nun müəllimi Leyla Əhmədova ˝Dünyada və Azərbaycanda narkomaniya: dəhşətli sosial bəla˝, tələbələrdən Şiran Qəhrəmanova ˝Narkomaniya – ümumbəşəri problem˝, Ayşən Aslanova ˝Narkomaniya və cəmiyyət˝ və Məleykə Həziyeva ˝Xalqların genefonduna sarsıdıcı zərbə vuran narkomaniya˝ mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.