Mingəçevir Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib

  • Post category:MDU xəbərləri

Noyabrın 17-də Mingəçevir Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə universitetin tələbələri, habelə professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov bildirib ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Üzeyir Zeynalov bu tədbirin ölkəmizin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayaraq Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açıb.

Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə tələbələri təbrik edən Ü.Zeynalov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur. Möhtərəm Prezidentimizin bu sahəyə diqqət və qayğısından bəhs edərək təhsillə bağlı olduqca əhəmiyyətli fərman və sərəncamların imzalandığını, Dövlət Proqramlarının uğurla həyata keçirildiyini qeyd edib. Üzeyir Zeynalov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gəncləri həmişə yüksək qiymətləndirdiyini, onlarla mütəmadi olaraq görüşdüyünü, qabiliyyət və bacarıqlarına xüsusi dəyər verdiyini bildirərək, bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsini, tələbələrə adlı təqaüdlərinin verilməsini vurğulayıb. Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.