2024-cü il martın 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) və Mingəçevir şəhər İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanlarla işləyən tərbiyəçi müəllimlər üçün “Düzgün atılan bünövrə gələcəyin təminatıdır: Gənclər gələcəyimizdir” adlı maarifləndirici təlim keçirilib.
MDU-nun “Soaial iş” ixtisası üzrə təhsil alan tələbələrinin və Mingəçevir şəhər Mənzil İstismar Sahələrinin nəzdində fəaliyyət göstərən tərbiyəçi müəllimlərin iştirakı ilə keçirilən təlimi Psixologiya və pedaqogika kafedrasının müdiri, professor Fərəh Cəlil açaraq, qeyd edib ki, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməz olduğu kimi ətraf mühitin təsirləri də qaçılmazdır. Yetkinlik yaşına çatmayan, həmçinin çətin tərbiyə olunan uşaqların təlim-tərbiyəsində valideynlərə dəstək lazımdır. Bu sahədə cəmiyyətin, o cümlədən müəllimlərin və sosial sahədə çalışan əməkdaşların üzrəinə böyük məsuliyyət düşür. Yeniyetmələrlə iş üzrə həyata keçirilən təlimlərin əsas məqsədinin böyüməkdə olan nəslin tələbat-motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xüsusi diqqət yetirmək olduğunu bildirən professor gənc nəslin təhsilə, peşəyə yönləndirilməsinin önəmindən danışıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Səbirə Yusifli təlimin təşkilində əməyi olan hər kəsə, o cümlədən MDU-nun rəhbərliyinə minnətdarlığını çatdırıb. Bildirib ki, uşaqlar ən çox sərbəst olduqları, məktəbdən və ailədən uzaq gəzib-dolandıqları zaman əlavə təsirlərə məruz qalırlar. Yaşadığı məhəllənin, küçənin yaxınlığında dostluq, yoldaşlıq etdiyi öz yaşıdlarından böyük şəxslərin əxlaqı, davranışları həddi-buluğa çatmamışlara güclü təsir göstərir. Məhəllə uşaqları arasında daha nüfuzlu sayılan belə şəxslər digər uşaqları, xüsusən təhsildən yayınanları, valideyn sevgisindən və qayğısından məhrum olanları, həmçinin psixi və fiziki şiddət görənləri ətrafında cəmləyir, öz şəxsi maraqları üçün istifadə edirlər. Bu yeniyetmələri müəyyənləşdirmək, onlar barəsində əməli tədbir görmək, valideynlərlə birgə çalışıb, onları yenidən təhsilə cəlb etmək baxımından məhz sosial sahədə çalışanların üzərinə böyük iş düşür.
Təlimin davamında mövzu ilə bağlı olaraq MDU-nun hüquqşünası Polad Atayev “Yetkinlik yaşına çatmayan şəxslərlə inzibati və cinayət məsuliyyəti ilə bağlı maarıfləndirmə işlərinin aparılması”, MDU-nun müəllimləri Günel Nəcəfova “Davranış pozuntusu olan yeniyetmələrlə işləmə texniklası” və Zülfiyyə Tanrıverdiyeva “Təhsildən yayınmanın mənfi nəticələrini yetkinlik yaşına çatmayanlara izah etmə zamanı empatiya qurmaq bacarıqları və təqlinetmə formaları” adlı məruzələrlə çıxış edib. Qeyd olunub ki, fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa, hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Xüsusən yeniyetməlik dövründə böyüklərin məhəbbəti, diqqəti uşağın gələcək inkişafı üçün önəmlidir. Bu işdə valideynlərlə bərabər bütün cəmiyyət əlbir olmalı gələcək nəslin təhsilli, elmli yetişdirilməsi üçün mövcud imkanlardan istifadə edilməlidir.
Diskusiya şəklində davam edən təlimdə bir çox suallar cavablandırılıb və bu cür maarifləndirici görüşlərin davamlı olması təklif edilib.