2024-cü ilin 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Psixilogiya və pedaqogika kafedrasının təşəbbüsü ilə Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə “Ailə, qadın və uşaq problemləri” mövzusunda maarifləndirmə təlimi keçirilib. Təlimdə Mingəçevir şəhər Təhsil şöbəsinin nümayəndələri, ümumtəhsil və internat məktəblərinin direktorları, mənzil-istismar sahələrinin tərbiyəçi müəllimləri, psixoloqlar, müəllim heyəti, ictimaiyyət nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.
MDU-nun Pedaqogika və psixilogiya kafedrasının müdiri, professor Fərəh Cəlil mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, ümumtəhsil məktəblərində sağlam mühitin yaradılması təhsilin əsas şərtlərindəndir. Belə mühitin təmin olunmasında pedaqoji kollektivin üzərinə böyük məsuliyyət düşür. F.Cəlil keçirilən təlimin məqsədi barədə danışaraq qeyd edib ki, məktəblərdə yaradılan sağlam mühit və səmimi yanaşma nəticəsində müəllimlər valideynlərlə daim qarşılıqlı əlaqədə olarsa, gələcək nəsil pis vərdişlərdən, qeyri-sağlam mühitdən kənar olar.
Təlimin davamında Pedaqogika və psixilogiya kafedrasının müəllimləri İlhamə İsmayılova “Sağlam psixoloji mühit”, Nərgiz Niftəliyeva “Narkomaniyaya qarşı mübarizə” və Gülnar Məmmədova “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzularında təqdimatla, 11 saylı tam orta məktəbin 9B sinif şagirdi Əli Həsənov “Mehribanlıq effekti” adlı kiçik hekayə ilə çıxış ediblər.
Təqdim edilən məruzələr və hekayə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlim müzakirələrlə davam edib.
Təlimin sonunda mövzuya münasibət bildirən Mingəçevir Təhsil sektorunun nümayəndəsi Pərviz Seyfullayev, 7 saylı məktəbin direktoru Anar İsmayılov, 11 saylı məktəbin direktoru Sevda Şükürova və “Mingəçevir Valideynlər Asossasiyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva təlimin təşkil olunmasında əziyyəti olanlara təşəkkür edib, günün reallığını əks etdirən bu cür mövzuların əhəmiyyətli nəticələrindən danışıblar.
Qeyd edək ki, təlim Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın 2024-cü il yanvarın 24-də keçirilən yığıncağında qəbul edilmiş qərar əsasında hazırlanmış Tədbirlər Planına uyğun olaraq keçirilmişdir.