Mingəçevir Dövlət Universitetndə günəş enerji panelindən istifadəyə start verilmişdir
“Təhsil” jurnalının qonağı Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovdur:
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) günəş enerji panelindən istifadəyə start verilmişdir.
Günəş enerji paneli “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na uyğun olaraq yeni dövrün universitetinə çevrilən və davamlı inkişaf əsaslı ali təhsil müəssisəsi olmağı hədəfləyən MDU-da ”yaşıl enerji” konseptinin real nəticələrindən biri kimi dəyərləndirilə bilər.
Günəş enerji paneli “davamlı inkişaf təfəkkürlü” və “yaşıl düşüncəli” vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasına mühüm töhfədir.
Universitetin əsas korpusunda açıq havada quraşdırılan və “ necə deyərlər”, açıq havada laboratoriya funksiyasını yerinə yetirəcək günəş enerji paneli universitetimizin Energetika və Energetika mühəndisliyi ixtisaslarında kadr hazırlığının keyfiyyətini daha da yüksəldəcəkdir.
Günəş panelinin istifadəyə verilməsi tədbirində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin direktoru Oqtay Pirverdiyev, Mingəçevir şəhərinin hüquq-mühafizə orqanlarının rəhbərləri, MDU-nun professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Layihənin uğurla icrasında və enerji panelinin ərsəyə gəlməsində qardaş Türkiyə Respublikasının Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaza, Ankara Hacı Bayram Veli Universitetinin qonaq professoru Evren Güçerə, eləcə də universitetimızın professor-müəllim heyətinə və tələbə kollektivinə təşəkkür edirəm.
Mingəçevir Dövlət Universiteti yeni dövrün universitetinə çevrilir!
Söhbəti qələmə aldı:
Namaz MANAFOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent