2024-cü il 02-04 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi və Tədris şöbəsinin təşkilatçılığı ilə “Təlim nəticələrinin, ona müvafiq strategiya və qiymətləndirmə vasitələrinin müəyyənləşdirilməsi” mövzusunda təlim proqramı keçirilib.
MDU-nun professor-müəllim heyəti üçün nəzərdə tutulan təlim 3 moduldan ibarət olub və “Psixologiya və pedaqoqika” kafedrasının baş müəllimi Səbinə Quliyeva tərəfindən aparılıb.
“Təlim nəticələri. SMART anlayışı,biliyin kateqoriyaları”, “Təlim nəticələri. Elm səbəb, əməl isə nəticədir (N.Tusi)” və “Təlim strategiyasının müəyyənləşdirilməsi” adlı modullarda təhsil və təlim prosesində, tələbələrin və müəllimlərin nailiyyətlərinin ölçülməsi, qiymətləndirilməsi və nəticələrinin müəyyənləşdirilməsi müstəqil bir məsələ kimi dəyərləndirilib, təlim nəticələrinin müəyyənləşdirilməsi prosesi və bu sahədə aparılan təcrübələr təhlil edilib.
Bildirilib ki, təlim nəticələrinin müəyyənləşdirilməsi, təhsilalanların bilik və bacarıqlarının ölçülməsi, qiymətləndirilməsi və hesablanması prosesini əhatə edir. Bu proses, dərs müəllimləri, idarəçilər və tələbələr üçün əhəmiyyətli bir məsələdir. Çünki nəticələrin düzgün və obyektiv olması təhsilin effektivliyini təmin edir. S.Quliyeva təlim zamanı təlim nəticələrinin müəyyənləşdirilməsi üçün istifadə edilən metodlar arasındakı müasir dəyərləndirmə texnologiyaları, müzakirəli qiymətləndirmələr və digər müasir texnologiyalardan faydalanma haqqında ətraflı məlumat verib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar təlimçi tərəfindən cavablandırılb.
Qeyd edək ki, əməkdaşların təlim-tədris prosesində olan bilik və bacarıqlarının artırılması məqsədi güdən təlim proqramının digər əməkdaşlar üçün keçirilməsi də nəzərdə tutulub.