Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik

  • Post category:Xəbərlər (AZ)

Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik

 

Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi.

Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.

Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən müasir texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artırıldı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq.

Müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, Ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi.

30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Tərəfimizdən böyük infrastruktur layihələri – yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. Bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada işlər artıq başlamışdır.

Ermanistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər.

Ermənilər yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra – 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik.

İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu.

Ölkələrimiz arasında olan birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərin zirvəsidir.

Yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar.

Ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Bizim ölkələrimiz arasında olan birlik böyük siyasi iradənin nəticəsidir. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Yeni nəsil, gənc nəsilgərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq.

30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdı.

Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək.

Bu məsələdə də Azərbaycanın və Türkiyənin mövqeləri üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, bütün bunlar çox önəmli məsələlərdir.

Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb.

Bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri işğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçiriləcəkdir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sözün əsl mənasında qardaşlıq,dostluq əlaqalərinin ən yüksək səviyyədi oludğunu dünyaya sübut edir.

Yaşasın əbədi olan Azərbaycan Türkiyə qardaşlığı.

 

Mayıl İsmayılov,

MDU-nun dosenti