MDU-da turizm işinin təşkili ilə bağlı təlim keçirilib

2024-cü ilin 4 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) “Turizm işinin təşkili və idarəolunması” adlı təlim keçirilib. MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutan təlimdə universitetin müəllim heyəti, “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.

MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Samirə Mustafayeva təlimin mahiyyətindən bəhs edib. Bildirib ki, bir ölkə kimi Azərbaycanın turizm infrastrukturunun inkişafı üçün böyük potensialı var. Turizm dövlət tərəfindən ölkənin uzunmüddətli inkişaf strategiyasının bir hissəsi olaraq qeyri-neft sektorunun inkişafının əsas hədəflərindən biri kimi müəyyən edilib. Buna görə də tələbələr bu sahədə əldə etdikləri bilik və bacarıqları artırmalı, onlar üçün təşkil  olunan bu kimi təlimlərdən yararlanmalıdır.

Sonra Sayahat Sağlamlıq və Turizm DMC-nin direktoru, eyni zamanda MDU-nun tələbəsi Aygün Quliyeva “Turizm işinin təşkili və idarəolunması” adlı təqdimatla çıxış edib. O, rəhbərlik etdiyi şirkətin təcrübələrindən danışaraq, turizmin fəaliyyət istiqamətlərindən bəhs edib. Turizmin yerli və regional səviyyədə, eləcə də milli səviyyədə sosial siyasətə əhəmiyyətli təsir göstərdiyini, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrıldığını bildirən A.Quliyeva turizm sahəsinin üstünlükləri və çətinlikləri haqqında ümumi məlumat verib.

MDU-nun İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev çıxış edərək turizm sahəsində karyeraya başlayacaq gənclər üçün bu cür təlimlərin öz səmərəli nəticələrini verdiyini bildirib. Ona görə də təlimçi, eyni zamanda MDU-nun  tələbəsi olan  A.Quliyevaya təcrübələrini tələbələrlə bölüşdüyü üçün təşəkkür edib.

A.Tağıyev qeyd edib ki, Azərbaycanın regionlarında turizm xidmətlərinin artması və turizmlə bağlı müəssisələrin yaradılması üçün münbit şərait var. Vurğulıayıb ki, son illər Azərbaycan dünyada yeni turizm məkanı kimi tanınmağa başlayıb və onun dünya turizm sənayesinə inteqrasiyası təmin edilib. Hazırda bütün diqqət Qarabağ bölgəsinə, bölgənin turizm sənayesinə yönəlib. Təbiət möcüzəsi olan Qarabağın olduqca zəngin, mənzərəli, misilsiz təbiətə və tarixi abidələrə malik olması bu regionun Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsi ehtimalı yüksəkdir. A.Tağıyev əminliklə vurğulayıb ki, bu gün turizm sahəsində təhsil alan tələbələr öz bilik və bacarıqları ilə Qarabağda və onun ətrafında işğaldan azad edilmiş torpaqların inkişafında yaxından iştirak edəcək, bölgənin tanınması istiqamətində səfərbər olacaqlar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.